Mühəndİslİk  FAKÜLTƏSİ 

        1. Dekanlığın yaranması və fəaliyyət dövrü 

Mühəndislik fakültəsi 1991-ci ildən “Energetika” fakültəsi kimi fəaliyyətə başlamış, sonralar 1994-cü ildən “Energetika və mexanika” fakültəsi kimi fəaliyyət göstərmişdir.

Müxtəlif vaxtlarda fakültəyə 1991-2000-ci illərdə dosent Asalan Dəmirli, 2000-2002-ci illərdə dosent Rauf Məmmədov, 2002-2015-ci illərdə dosent Qəhrəman Kələşov rəhbərlik etmişdir. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarının 24 iyul 2015-ci il tarixli sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranması ilə əlaqədar yenidən təşkil olunan “Energetika və mexanika” fakültəsinə texnika üzrə fəlsəfə doktoru, dosent Vüqar Sabir oğlu Mustafayev rəhbərlik edir. 2016-cı il sentyabr ayından yenidən formalaşdırılmış və Mühəndislik fakültəsi adlandırılmışdır.

2. Mühəndislik fakültəsi nəzdində fəaliyyət göstərən ixtisaslar:

050509 Kompüter elmləri.

050510 Ekologiya

050608 Elektroenergetika mühəndisliyi.

050609 İstilik energetikası mühəndisliyi.

050612 Maşın mühəndisliyi.

050622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi.

050632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi.

050649 Ekologiya mühəndisliyi.

050655 İnformasiya texnologiyaları.

Hazırda fakültə mühəndis sahəsi üzrə bir neçə ixtisas qruplarını özündə birləşdirir və tərkibində 3 ixtisas kafedrası fəaliyyət göstərir. Energetika, İnformasiya texnologiyaları, Fizika və ekologiya, Mexanika kafedraları tərəfindən bakalavr pilləsi üzrə ən populyar 9 ixtisas üzrə mühəndis mütəxəssislər hazırlanır. Magistr təhsil pilləsi üzrə isə 5 ixtisas üzrə magistrantlar təhsillərini davam etdirirlər. Artıq bir neçə ildir ki, universitet, o cümlədən fakültə də Baloniya, yəni kredit tədris sisteminə keçib ki, bu da universitetin diplomlarının xarici ölkələrdə, o cümlədən Avropada tanınmasına imkan verir. Hazırda fakültədə yuxarıda qeyd edilən ixtisaslar üzrə bakalavr pilləsi üzrə 506 nəfər, magistr pilləsi üzrə isə 5 tələbə təhsil alır. Onların əksəriyyəti Mingəçevir şəhərindən olsalar da ətraf bölgələrdən olan tələbələrin sayı da getdikcə artır.

Mingəçevir Dövlət Universiteti nəzdində Mühəndislik fakültəsinin mövcudluğu region üçün ixtisaslı kadrların hazırlanmasında böyük əhəmiyyət kəsb edir.

Fakültə üzrə tədris prosesində 48 nəfər professor-müəllim, o cümlədən 1 professor, 10 dosent-fəlsəfə doktorları, 5 fəlsəfə doktoru – baş müəllim, 2 fəlsəfə doktoru – müəllim, 8 baş müəllim, 15 -  müəllim və 7 - laborant iştirak edir.

Fakültənin fəaliyyətdə olduğu dövrdə əməkdaşlardan 1 nəfəri dissertasiya işini müdafiə edərək elmlər doktoru dərəcəsi, 6 nəfəri elmlər namizədi dərəcəsi, 5 nəfər isə dosent adı almış, 7 nəfər hazırda dissertant kimi dissertasiya işi üzərində işləyir, o cümlədən bir neçə nəfər müdafiə ərəfəsindədir. Fakültənin bir neçə əməkdaşı artıq püxtələşmiş mütəxəssis-alim kimi respublikamızın aparıcı universitetlərinə, rəhbər orqanlara dəvət olunmuşlar və orada da çalışırlar. Fakültənin məzunları müxtəlif iri firma və müəssisələrdə, xarici təşkilatlarda, nazirlik və komitələrdə, respublikamızın mərkəzi və yerli icra orqanlarında, bələdiyyə strukturlarında, ali, orta ixtisas və ümumtəhsil müəssisələrində çalışırlar. Həmçinin, məzunların bir çoxu respublikanın aparıcı ali təhsil ocaqlarının magistratura şöbələrində təhsillərinin davam etdirirlər. Fakültənin geniş perspektiv planları vardır və tədris ölkədə aparılan təhsilin yeniləşməsi və inkişafı sahəsində dövlət siyasətinə uyğun həyata keçirilir.

 

3. Rəhbərlik haqqında məlumat 

Dekan: Mustafayev Vüqar Sabir oğlu – texnika üzrə fəlsəfə doktoru, dosent

V.S.Mustafayev 12 noyabr 1966-cı ildə Mingəçevir şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Texniki Universitetinin Robot texnikası fakültəsinin “Yükqaldırıcı nəqliyyat, yol və inşaat maşınları və avadanlığı” ixtisasına qəbul olunmuş və 1991-ci ildə universiteti bitirmişdir. (mövcud qanunvericiliyə uyğun olaraq 1985-87-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur).

1991-ci ildən 1993-cü ilə kimi Azərbaycan Texniki Universitetində “Maşın detalları və YQNM” kafedrasında stajor-tədqiqatçı, 1993-cü ildən 1999-cu ilə kimi Azərbaycan DRES Tikinti-Quraşdırma İdarəsində Təhlükəsizlik Texnikası üzrə baş mühəndis vəzifəsində çalışıb. Bu illər ərzində Mingəçevir Politexnik İnstitutunda saat hesabı müəllim vəzifəsində çalışmışdır. 1998-ci ildə Mingəçevir Politexnik İnstitutunda tam ştat müəllim, 2006-cı ildən baş müəllim, 2010-cu ildən isə dosent vəzifəsində işləyib.

2005-ci ildə Azərbaycan Texniki Universitetində “Maşınşünaslıq, maşın detalları və ötürmə sistemləri” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nin qərarı ilə dosent elmi adı verilmişdir.

1994-2013-cü illər ərzində beynəlxalq təşkilatlarda bölmə rəhbəri, baş monitor, şöbə müdiri. koordinator və s. vəzifələrdə çalışmışdır.

2015-ci ildə MPİ-nin “Nəqliyyat və maşın mühəndisliyi” kafedrasının müdiri vəzivəsinə təyin edilmişdir. 2015-ci ildə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranması ilə əlaqədar olaraq yenidən təşkil edilən “Energetika və mexanika” fakültəsinin dekanı vəzifəsinə təyin edilmişdir. 2016-cı il sentyabr ayından yenidən formalaşdırılan fakültə Mühəndislik fakültəsi adlandırılmış və V.Mustafayev vəzifəsini icra etməkdədir.

V.Mustafayev 45 elmi və tədris metodiki işin, o cümlədən 1 ixtiranın, 1 dərs vəsaitinin, 2 metodiki vəsaitin, 1 metodiki göstərişin, 8 fənn üzrə tədris proqramının və 30-dan çox elmi məqalənin müəllifidir.     

Ailəlidir. İki övladı var.

Dekan müavini: Qəhrəmanov Səbuhi Əbdül oğlu – texnika üzrə fəlsəfə doktoru, dosent

S.Ə.Qəhrəmanov 3 dekabr 1981-ci ildə Ağdam rayonunun Saybalı kəndində anadan olmuşdur. 1999-cu ildə Mingəçevir Politexnik İnstitutunun “Energetika və mexanika” fakültəsinin “Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı” ixtisasına qəbul olunmuş və 2003-cü ildə bakalavr pilləsini bitirmişdir.

2003-cü ildə isə Mingəçevir Politexnik İnstitutunun “Energetika və mexanika” fakültəsinin “Yerüstü nəqliyyat vasitələri, yerüstü və hava nəqliyyatının istismarı” ixtisası üzrə magistratura şöbəsinə daxil olmuş və 2005-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.

2005-ci ildə Azərbaycan Texniki Universitetinin “Riyaziyyat” kafedrasının aspirantı olmuşdur. 2008-ci ildə “Qruntda yerləşən konstruksiyaların korroziyalanmış elementlərinin rəqsləri” mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2009-cu ildən 2011-ci ilə qədər Mingəçevir Politexnik İnstitutunda Elmi katib vəzifəsində çalışmış, 2011-ci ildən Mingəçevir Politexnik İnstitutunun “Energetika və mexanika” fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.       

2015-ci ildə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranması ilə əlaqədar olaraq yenidən təşkil edilən “Energetika və mexanika” fakültəsinin dekan müavini vəzifəsinə təyin edilmişdir. 2016-cı ilin sentyabr ayından fakültənin adı Mühəndislik adlandırılmışdır və S.Qəhrəmanov vəzifəsini icra etməkdədir. 20 elmi məqalənin və tədris metodiki işin müəllifidir.    

Ailəlidir. Üç övladı var.

4. “Mühəndislik” fakültəsinin əməkdaşları

1. Mustafayev Vüqar Sabir oğlu – dekan

2. Qəhrəmanov Səbuhi Əbdül oğlu – dekan müavini

3. Məmmədova Sevinc Nizami qızı – tyutor

4. Yolçuyeva Lətafət Salik qızı – tyutor

5. İsmayılova İradə Məhəmməd qızı – tyutor 

6. Məmmədova Şəfəq Nurəddin qızı – baş operator