MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ

 

Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli 1335 nömrəli Sərəncamı ilə yaradılıb. Əsası 1991-ci ildə qoyulmuş universitet müxtəlif vaxtlarda Azərbaycan Sənaye Universitetinin Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adı ilə fəaliyyət göstərib.

2019/2020-ci tədris ilində universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 23 ixtisas (bakalavriat) və 12 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilib. 3 fakultənin, 10 kafedranın mövcud olduğu universitetdə ümumilikdə 2400-dən artıq tələbə və magistrant təhsil alıb. 7 tələbə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.

Bütövlükdə 300-dən artıq əməkdaşı olan universitetdə 185 professor-müəllim heyəti üzvü çalışır ki, onlardan 61 nəfərin müvafiq istiqamətlər üzrə elmi dərəcəsi, 41 nəfərin isə elmi adı vardır.

MDU-da həyata keçirilən kompleks tədbirlər ilk növbədə əsas strateji hədəfə – paytaxt səviyyəli ali təhsil müəssisəsinə çevrilmək məqsədinə çatmaq yolunda irəliləyişə nail olmağa hesablanır. Bu zaman milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendləri, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlar, eləcə də universitetin mövcud durumu və potentsial imkanları əhəmiyyətli dərəcədə nəzərə alınır.

Müasir tədris texnologiyalarının, innovativ təlim metodlarının və çevik universitet idarəetmə mexanizmlərinin tətbiqi MDU-nun milli ali təhsilimizin ümumi xəritəsindəəki mövqeyinin gücləndirilməsini, onun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına daha çox töhfələr verməsini hədəfləyir. Bütün bunlara nail olmaq üçün mövcud şərtlər kontekstində tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi, professor-müəllim və inzibati-texniki heyət üzvlərinin sosial rifahının yaxşılaşdırılması, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, özəl və dövlət qurumları ilə səmərəli işbirliyinin yaradılması prioritet istiqamətlər olaraq seçilmişdir. Həmin istiqamətlər üzrə fəaliyyətin təşkilində qısamüddətli, ortamüddətli və uzunmüddətli perspektivlər nəzərə alınır və fərqləndirilir.

Əsaslandırılmış qərarlar və inamlı addımlar MDU-nun yerləşdiyi regionda ümumi ekosistemin mühüm aktorlarından birinə çevrilməsinə imkan verir. Məhz bu amil həm universitetin populyarlığının və cəlbediciliyinin artmasına, həm də əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəlməsinə dəstək verir.

Tələbələrin müasir dövrün çağırışlarına uyğun ali təhsil alması və onların əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar kimi formalaşması prioritet əhəmiyyət daşıyır. Tələbələrin gələcəkdə uğurlu karyera qurması ilə bərabər xalqımıza və dövlətimizə layiq vətəndaş kimi yetişməsinə, vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyəsinə, onların MDU-nun və Mingəçevir şəhərinin ictimai həyatında aktiv iştirak etməsinə, könüllülük və startap fəaliyyətinə cəlb olunmasına, tələbə-gənclərin idmanla məşğul olmasına xüsusi önəm verilir. MDU-da çoxsaylı tələbə təşkilatları fəaliyyət göstərir.

Elmi tədqiqatların məzmununun təkmilləşdirilməsinə, bu sahədə müasir metodlardan istifadənin artırılmasına və elmi fəaliyyətin nəticəyönümlülük yanaşması üzərində qurulmasına xüsusi diqqət yetirilir. Dünyanın aparıcı elmi-məlumat bazası olan “Web of Science®” platformasında MDU-nun profili yaradılıb.

İdarəçilikdə şəffaflığın artırılması və ictimai hesabatlılığın təmin edilməsi məqsədilə MDU-nun İctimai Nəzarət Şurası yaradılıb.

Qabaqcıl universitetlərin təcrübəsindən və potensialından faydalanmaq məqsədilə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Texniki Universiteti (AzTU) ilə faydalı əməkdaşlıq yaradılıb.

2019/2020-ci tədris ilində Erasmus+ proqramı çərçivəsində 5 MDU tələbəsi İspaniyanın Vallodolid Unversitetində bir semestr təhsil alıb. Bu dövrdə 2 MDU tələbəsi BDU-da, 1 MDU tələbəsi isə UNEC-də təhsil alıb.

MDU "Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" adlı Erasmus+layihəsində iştirak edir.

Litvanın Mikolas Romeris Universiteti ilə əməkdaşlıq yaradılıb, universitetlər arasında tələbə və müəllim mübadiləsi, Erasmus+ və HORİZON2020 proqramlarında birgə iştirak, birgə elmi tədqiqatların aparılması, ortaq elmi konfranslar və yay məktəbləri keçirilməsi, gələcəkdə ikili diplom proqramlarının yaradılması haqqında razılıq əldə olunub.

2019/2020-ci tədris ilində MDU əməkdaşları Böyük Britaniyada, İsveçdə, Finlandiyada, Çex Respublikasında, Litvada, Koreyada və Rusiya Federasiyasında təşkil olunan beynəlxalq konfrans və forumlarda iştirak ediblər.

Universitetdə müvafiq istiqamətlər üzrə fəaliyyətin daha keyfiyyətli həyata keçirilməsində Təhsil Nazirliyi, Mingəçevir şəhər İcra Hakimiyyəti və digər tərəfdaşların davamlı töhfəsi mühüm rol oynayır. Məhz bu qarşılıqlı faydalı tərəfdaşlıqlar MDU-nun modernləşməyə doğru daha inamlı addımlar atmasına yardım edir.