Mingəçevir Dövlət Universiteti Qobustanda innovasiya festivalında təmsil olunub

 

2022-ci ilin 29 aprel tarixində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qobustan rayonunda keçirilən innovasiya festivalında Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı və “Texnofest - 2022” festivalında Aqrar texnologiyalar müsabiqəsində təmsil olunacaq universitetin 3 komandası iştirak edib.

Festivalda universitet heyəti aqrar sahəyə aid nümayiş etdirilən bir sıra məhsul və innovativ texnologiyalarla, o cümlədən innovativ suvarma metodları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, günəş panelləri, həmçinin yüksək qidalılıq və məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri ilə tanış olublar. Bununla yanaşı, iştirakçılara innovativ texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri, ağıllı kənd təsərrüfatı sistemləri barədə məlumat verilib.

Festivalda iştirakdan məmnunluğunu bildirən MDU-nun heyət üzvləri tədbiri “Texnofest - 2022”-ə hazırlıq baxımından yüksək dəyərləndiriblər və bütün təşkilatçılara təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, qardaş Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan və bu il, ilk dəfə olaraq, Azərbaycanda keçirilən “Texnofest”-də iştiraka MDU-da xüsusi önəm verilir. Cari ilin 26-29 may tarixlərində baş tutacaq “Texnofest - 2022” festivalında MDU-nu Aqrar texnologiyalar müsabiqəsi üzrə B kateqoriyasında “Sevil” və “Agrinova” və C kateqoriyasında “RKT_MDU” komandaları təmsil edəcəklər.