Şahin Bayramov: Heydər Əliyev hər birimiz üçün zəngin, əvəzolunmaz həyat və idarəçilik məktəbidir

 

Bakı, 10 may, AZƏRTAC

Bu gün Azərbaycan xalqının böyük oğlu, müasir və müstəqil dövlətçiliyimizin memarı, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anadan olmasının 99-cu ildönümündə böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik. Ulu Öndərin bir insan ömrünə sığmayan zəngin həyat və fəaliyyət yoluna qısa nəzər yetirdikdə belə onun Azərbaycanı canından çox sevdiyi aydın şəkildə görünür. Həyatı üçün böyük risklərə və təhlükələrə baxmayaraq, ən çətin və ağır günlərdə daim Azərbaycanın yanında olması, onun haqq səsini dünyaya çatdırması, xilaskarlıq missiyasının məsuliyyətini üzərinə götürməsi və layiqincə öhdəsindən gəlməsi məhz onun Vətənə, xalqa və dövlətə sıx bağlılığından və sədaqətindən irəli gəlirdi. Ümummilli Liderin vaxtilə söylədiyi “Mənim üçün öz canımdan, öz qanımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” kəlamını qürurla xatırlayırıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov söyləyib.

O deyib: “Danılmaz həqiqətdir ki, Heydər Əliyev parlaq zəkası, titanik əməyi, ali mənəvi keyfiyyətləri, yüksək idarəçilik və liderlik qabiliyyəti, güclü siyasi iradəsi və qətiyyəti ilə bütün həyatını canından çox sevdiyi Vətəninin tərəqqisi naminə mübarizəyə həsr edərək müasir Azərbaycanı qurmuş, onun müstəqil dövlət kimi əsaslarını yaratmış və hərtərəfli inkişafını sürətləndirmişdir. Hazırda Azərbaycanda ictimai həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli Liderin adı ilə bağlı olmasın. Heydər Əliyev milli maraqları, milli-mənəvi dəyərləri və azərbaycançılığı hər şeydən üstün tuturdu. Azərbaycanın müstəqilliyinin dönməz və əbədi xarakter alması, qüdrətli dövlətə çevrilməsi, dünyada öz layiqli yerini tutması və ərazi bütövlüyünü təmin etməsi məhz Ulu Öndərin milli maraqlara əsaslanan hərtərəfli inkişaf strategiyasının təntənəsidir”.

Şahin Bayramov bildirib ki, dünyaşöhrətli siyasətçinin böyük uzaqgörənliklə söylədiyi “Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcəkdir” fikri bu gün də aktuallığını saxlayır və dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nəhəng uğurlarda, əzəmətli qələbələrdə bir daha tarixi təsdiqini tapır. Ulu Öndərin ideyalarına sadiq qalmaqla onun müəyyən etdiyi strateji inkişaf kursunu uğurla davam etdirən Prezident İlham Əliyev düşünülmüş, məqsədyönlü, ardıcıl və sistemli siyasəti ilə hazırda Azərbaycanı öz inkişafında müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsinə çıxarıb və yeni geosiyasi reallıqlar yaradan dövlətə çevirib.

“Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Əsgərinin şücaəti sayəsində tarixi Zəfərə imza atılması ilə Ümummilli Liderin ən vacib vəsiyyəti həyata keçdi, uzun müddət davam edən erməni işğalına son qoyuldu”, - deyən rektor bildirib ki, bu gün hər birimiz ərazi bütövlüyü bərpa edilmiş müstəqil ölkənin vətəndaşı olmaqdan sonsuz qürur hissi keçiririk. Eləcə də, doğma Qarabağa Böyük Qayıdışla əlaqədar sürətli abadlıq və quruculuq işlərinin aparılmasına, regional əhəmiyyətli iri transmilli layihələrin reallaşdırılmasına, bir sıra beynəlxalq səviyyəli tədbirlərin və festivalların keçirilməsinə nail olunması məhz Ulu Öndərin uzaqgörən siyasətinin qələbəsi deməkdir. Ümummilli Lider bu qələbənin fiziki olaraq canlı şahidi olmasa da, atdığı hər bir addımın xalqımızı şanlı Zəfərə yaxınlaşdırdığını görürdü. Bu, nadir tarixi şəxsiyyətin hər dəfə dinlədiyimizdə böyük qürur və fəxarət hissləri keçirdiyimiz, sevinc göz yaşlarına hakim ola bilmədiyimiz məşhur çıxışında da öz əksini tapmışdır: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, İstisuyu - biz onlarsız heç vaxt yaşaya bilmərik, təsəvvür edə bilmərik".

“Hələ sağlığında titanik fəaliyyəti və xilaskarlıq missiyası ilə xalqımızın ümummilli lideri zirvəsinə yüksələn və tarixin yaddaşına əbədi həkk olan, illər keçdikcə nəhəngliyi və əzəməti daha aydın şəkildə görünən Heydər Əliyev hər birimiz üçün zəngin, əvəzolunmaz həyat və idarəçilik məktəbidir. Əbədiyaşar liderin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq”, - deyə Şahin Bayramov əlavə edib.