Mingəçevir Dövlət Universitetinin voleybol komandası şəhər turnirinin qalibi olub

 

2022-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş voleybol üzrə təhsil müəssisələri arasında şəhər turniri keçirilib.

Universitetin İdman-sağlamlıq kompleksində təşkil olunan turnirdə MDU, Mingəçevir Turizm Kolleci və Mingəçevir Tibb Kollecinin tələbələri, Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbi şagirdlərindən ibarət komandalar mübarizə aparıblar.

Yarışda MDU-nu təmsil edən iki voleybol komandası şəhər turnirini qalibiyyətlə başa vuraraq müvafiq olaraq birinci və üçüncü yerləri bölüşdürüblər. Qalib komandaların üzvləri kubok və diplomlarla mükafatlandırılıblar.

Qeyd edək ki, Ümummilli Liderə həsr olunan voleybol turniri şəhərdə idmanın təbliği və kütləviləşdirilməsi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi işinə töhfə məqsədilə keçirilib.