MDU əməkdaşları Baş Prokurorluq tərəfindən Şəkidə təşkil olunan regional konfransda təmsil olunub

 

2022-ci ilin 17 iyun tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə Şəki şəhərində Milli Qurtuluş Günü münasibətilə “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib.

Mingəçevir şəhər, Ağdaş, Balakən, Oğuz, Qəbələ, Qax, Şəki, Yevlax və Zaqatala rayon və hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşları, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, meda, qeyri-hökümət təşkilatlarının (QHT) nümayəndələrinin iştirak etdiyi konfransda Mingəçevir Dövlət Universitetini (MDU) hüquqşünas Elvin Abbasov və İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadə təmsil edib.

Konfrans çərçivəsində digər iştirakçılarla bərabər MDU əməkdaşları Ümummilli lider Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, Şəki rayon prokurorluğunun inzibati binasına təşkil olunan press-turda iştirak edib, inzibati binanın infrastrukturu və əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Baş Prokurorluğun Kadrların idarəsinin rəisi Natiq Hüseynov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki rayon prokuroru Mehman Xankişiyev, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini Günay Əyyubova, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev və Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev çıxış ediblər. Konfransda müasir Azərbaycanın memarı Heydər Əliyevin hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında misilsiz rolundan bəhs edilib, ölkədə aparılan hərtərəfli məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluq orqanlarının mahiyyət və struktur baxımından yenidən qurulması, yüksək nəzəri biliyə və peşəkarlığa malik kadrlarla komplektləşdirilməsi, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən müasir dövlət təsisatına çevrilməsi diqqətə çatdırılıb.

Sonra tədbir iştirakçıları Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş “Qanun naminə - Heydər Əliyev salnaməsi” adlı sənədli filmə baxıb. 

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.