Mingəçevir Dövlət Universitetində mətbuat işçiləri ilə görüş keçirilib

 

2022-ci ilin 21 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə bu ali təhsil müəssisəsi ilə əməkdaşlıq edən bir qrup mətbuat işçisi ilə görüşüb. Görüşdə “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, “EL” televiziya şirkətinin direktor müavini Ceyhun Səbzəliyev, jurnalist Esmira Hidayətova, MDU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisləri Qurban Qurbanzadə və Aynur Quliyeva iştirak ediblər.

Mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edən Ş.Bayramov MDU-nun həyatında baş verən yeniliklərin işıqlandırılmasında və ictimaiyyətlə kommunikasiyanın qurulmasında göstərdikləri dəstəyə və əməkdaşlığa görə onlara təşəkkürünü bildirib. Azərbaycan mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini diqqətə çatdıran rektor media işçilərinin cəmiyyət qarşısında üzərilərinə böyük missiya düşdüyünü qeyd edib və görüş iştirakçılarına uğurlar arzulayıb.

Göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edən media təmsilçiləri universitetdə ictimaiyyətlə əlaqələrə və mətbuatla işə xüsusi önəmin verilməsini yüksək qiymətləndiriblər və əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.

Sonra, rektor Ş.Bayramov universitet fəaliyyətinin mətbuatda işıqlandırılmasında fəal iştirak etdiklərinə görə görüş iştirakçılarını təşəkkürnamə ilə təltif edib.

Qeyd edək ki, MDU rektoru tərəfindən təşəkkürnamə ilə təltif olunanlar sırasında ölkəmizdə fəaliyyət göstərən və universitetlə sıx əməkdaşlıq edən bir çox xəbər agentliklərinin, qəzet və televiziyaların əməkdaşları da yer alıb.