Mingəçevir Dövlət Universitetində “Karyera planlaması və əmək bazarının rolu” mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universitetinin Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Karyera planlaması və əmək bazarının rolu” mövzusunda maarifləndirici seminar təşkil olunub.

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Jalə Nəzirlinin təqdimatında keçən seminarda MDU-nun əməkdaşları, tələbə və məzunları iştirak ediblər. Tədbirin təşkilində məqsəd gənclərin karyera planlaması sahəsində bilik və bacarıqlarının artırılması, əmək bazarının mövcud tələbləri barədə dolğun məlumatlandırılması olub.

Seminar çərçivəsində Jalə Nəzirli iştirakçılara karyera planlamasının əsas mərhələləri, özünü tanıma və fərdi bacarıqların müəyyənləşdirilməsi, əmək bazarının əsas iştirakçıları və araşdırma üsulları, həmçinin gələcəkdə aktual qalacaq peşə və sahələr haqqında ətraflı məlumat verib. O, əmək bazarının dinamikası, məşğulluq imkanları və karyera inkişafında düzgün planlamanın əhəmiyyəti barədə tövsiyələrini iştirakçılarla bölüşüb.

Təlimçi real təcrübəyə əsaslanan nümunələrlə mövzuları izah edərək iştirakçıların suallarını cavablandırıb.