Mingəçevir Dövlət Universitetinin rektoru

  • Post category:Category (AZ)

 

ŞAHİN VAQİF OĞLU BAYRAMOV

  

1979-cu il iyulun 4-də Mingəçevir şəhərində anadan olub.

1986-cı ildə Mingəçevir şəhər 5 saylı orta məktəbinin birinci sinfinə gedib, 1996-cı ildə Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyini bitirib.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinə qəbul olunub, 2000-ci ildə “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsi alıb.

2001-ci ildə ADİU-nun magistraturasına qəbul olunub, 2003-cü ildə “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsi alıb.

2005-ci ildə ADİU-nun doktoranturasına qəbul olunub. 2011-ci ildə “Dünya iqtisadiyyatı” ixtisası üzrə “Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın Avropa iqtisadi məkanına inteqrasiyası perspektivləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “iqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsi alıb.

2005-ci ilin yanvarından 2016-cı ilin sentyabr ayınadək ADİU-nun “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında baş laborant, müəllim, baş müəllim və əvəzçiliklə dosent vəzifələrində çalışıb. Eyni zamanda, 2005-2009-cu illərdə ADİU-nun Biznesin idarə edilməsi üzrə magistr (MBA) proqramında menecer, 2009-2011-ci illərdə ADİU-nun Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışıb.

2006-2014-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin eksperti, eləcə də “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikası Qanunlarının layihələrinin hazırlanması üzrə İşçi Qruplarının üzvü olub.

2012-ci ilin noyabrından 2017-ci ilin aprel ayınadək ADİU-nun Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb.

2016-cı ilin sentyabrından ADİU-nun “Beynəlxalq iqtisadiyyat (ingilis dilli)” kafedrasında əvəzçiliklə dosent vəzifəsində çalışıb.

2017-ci ilin aprelindən 2019-cu ilin iyul ayınadək Azərbaycan Respublikasının Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

2017-ci ilin noyabrından 2019-cu ilin iyul ayınadək Avropa Ali Təhsil Məkanı (EHEA) Bolonya İşçi Qrupunun (BFUG) Azərbaycan üzrə Ölkə Koordinatoru, 2018-ci ilin may ayından 2019-cu ilin iyul ayınadək BFUG-inin Qlobal Siyasət Dialoqu Komitəsinin üzvü olub.

2018-ci ilin aprelindən 2019-cu ilin iyul ayınadək Azərbaycan, Fransa, Latviya və Litva tərəfindən birgə icra olunan “Azərbaycanda Ali Təhsil Sisteminin İnkişafına Dəstək” Tvinninq Layihəsinə rəhbərlik edib.

Avropa İttifaqının Erasmus+ Layihələrində Azərbaycan Respublikası Təhsil Nazirliyinin koordinatoru olub.

2018-ci ilin sentyabrından ADİU-nun Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “İqtisadiyyat və idarəetmə” kafedrasında əvəzçiliklə dosent vəzifəsində çalışır.

2018-ci ilin noyabr ayından Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvüdür.

Müxtəlif vaxtlarda Oksford və Vorvik Universitetlərində (hər ikisi Böyük Britaniya), Pittsburq Universitetində (ABŞ) və ADA Universitetində (Azərbaycan) peşəkar təlimlərdə iştirak etmiş, eləcə də Azərbaycan, ABŞ, Yaponiya, Çin, Türkiyə, İsveçrə, Avstriya və Avropa İttifaqı tərəfindən təqdim edilən təqaüd proqramlarının qalibi olub.

2009-cu ildə ABŞ Dövlət Departamentinin “Gənc Müəllimlərin İnkişafı Proqramı”nın (Junior Faculty Development Proqram) qalibi seçilməklə ABŞ-ın İndiana Universitetində (Indiana University in Bloomington) “İqtisadiyyat” ixtisası təhsil alıb.

2015-ci ildə ABŞ Dövlət Departamentinin “Fulbright” təqaüdü çərçivəsində Beynəlxalq Təhsil İnstitutu (Institute of International Education) tərəfindən həyata keçirilən “Hubert H. Humphrey” Proqramının qalibi seçilməklə ABŞ-da peşəkar inkişaf təlimlərinə qatılıb.

2015/2016-cı tədris ilində Pensilvaniya Dövlət Universitetinin (Penn State University) Təhsil Kollecində (College of Education) “Ali təhsilin idarə edilməsi və akademik liderlik” (Higher Education Administration and Academic Leadership) ixtisası üzrə peşəkar təhsil alıb. Adıçəkilən proqram çərçivəsində həmçinin Kornell Universitetində (Cornell University) altı həftəlik təcrübədə iştirak edib.

ABŞ-da təhsil aldığı müddətdə ali təhsilin idarəedilməsi, akademik liderlik, universitet menecmenti, böhran şəraitində akademik idarəetmə, qərarların qəbul edilməsi, kadr potensialının idarə olunması, danışıqların aparılması və digər mövzularda çoxsaylı peşəkar təlimlərə və forumlara qatılıb.

2018-ci ilin noyabrında Çin Xalq Respublikası Hökumətinin təqaüdü çərçivəsində Çinin Ticarət Nazirliyi və Zhejiang Normal Universiteti tərəfindən təşkil olunan “Ali təhsilin idarə edilməsi” mövzusunda üçhəftəlik təlim seminarında iştirak edib.

Müxtəlif dövrlərdə Azərbaycan, Türkiyə, Yaponiya, İsveçrə, ABŞ, Almaniya, Fransa, Birləşmiş Krallıq, Avstriya, Belçika, Macarıstan, Çin, Gürcüstan və digər ölkələrdə ali təhsilin idarə olunması, universitet idarəçiliyi, akademik liderlik, Bolonya prosesi, Avropa Ali Təhsil Məkanı, kurrikulumların tərtibi, ÜTT, Avropa İttifaqı və s. mövzularda çoxsaylı beynəlxalq seminar və təlimlərdə iştirak edib, çoxsaylı beynəlxalq konfrans, forum və simpoziumlarda ali təhsilin, Azərbaycan iqtisadiyyatının, Avropa İttifaqı və qlobal iqtisadiyyatın müxtəlif məsələlərinə dair məruzələrlə çıxış edib.

Ali təhsildə idarəetmə, ali təhsilin beynəlmiləlləşməsi, universitetlərin beynəlxalq reytinq siyahıları, ali təhsildə multikulturalizm, Avropa İttifaqı çərçivəsində iqtisadi inteqrasiya prosesləri, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu, Azərbaycan iqtisadiyyatının Avropa məkanına inteqrasiyası, davamlı iqtisadi inkişaf və digər mövzulara həsr olunmuş 40-dan artıq elmi məqaləsi və tezisi Azərbaycan, ABŞ, Avstriya, İsveçrə, Türkiyə, Latviya, Ukrayna, Qazaxıstan və digər ölkələrin elmi jurnallarında, elmi-praktiki konfrans məcmuələrində və publisistik nəşrlərdə çap olunub.

Müxtəlif vaxtlarda Çinin Lanzhou Maliyyə və İqtisadiyyat Universitetində (Lanzhou University of Finance and Economics, Lanzhou), ABŞ-ın Kornell Universitetində (Cornell University, Ithaca), AFR-in Siegen Universitetində (Siegen University, Siegen), Macarıstanın Dunayvaroş Universitetində (University of Dunaujvaros, Dunaujvaros), ABŞ-ın Pensilvaniya Dövlət Universitetində (Penn State University, State College), Ukraynanın Kiyev Milli İqtisadiyyat Universitetində (Kiev National Economics University, Kiyev) və Poltova İqtisadiyyat və Ticarət Universitetində (Poltava University of Economics and Trade, Poltava) mühazirələr oxuyub.

Avropa Universitetlər Assosiasiyası (European Universiites Association), İslam Dünyası Universitetləri Federasiyası (Federation of Universities of the Islamic World), Beynəlxalq Universitetlər Assosiasiyası (International Association of Universities) və digər beynəlxalq universitet birliklərinin çoxsaylı toplantılarında ADİU-nu təmsil edib.

2013-17-ci illərdə “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” mövzusunda Avropa İttifaqının TEMPUS Layihəsinin müəllifi və qrant meneceri olub. Koordinatoru ADİU olan beynəlxalq layihədə Azərbaycan, Ukrayna, Tacikistan, Qırğızıstan, Böyük Britaniya, İtaliya və İspaniyanın ümumilikdə 15 universiteti iştirak edib.

2003-2006-cı illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (indiki İqtisadiyyat Nazirliyi) nəzdində həyata keçirilən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üzrə bir sıra beynəlxalq layihələrdə yerli ekspert qismində çalışıb. Azərbaycan Respublikasının ÜTT-yə üzv olması üzrə Danışıqlar Qrupunun üzvü qismində ABŞ, Avropa İttifaqı, Yaponiya, Avstraliya, Türkiyə və digər ölkələrlə ikitərəfli və çoxtərəfli ticarət danışıqlarında iştirak edib.

2011-17-ci illərdə ADİU-da fəaliyyət göstərən “ÜTT İstinad Mərkəzi”nin və “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Fundamental Kitabxanası”nın meneceri, eləcə də “BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Virtual İnstitutu”nda ADİU-nun koordinatoru olub.

2018-ci ilin mart-noyabr aylarında “Ümumdünya Sərgisi 2025 Bakı” (World EXPO 2025 Baku) təşəbbüsündə Azərbaycan Respublikası Təhsil Nazirliyinin koordinatoru olub.

UNESCO, ÜTT və Avropa Komissiyası tərəfindən Azərbaycanda, Türkiyədə, Fransada və Belçikada təşkil olunan beynəlxalq seminar və təlimlərə regional ekspert və təlimçi qismində dəvət olunub.

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, iki oğlu var.