2026-cı ilin 3 mart tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyasının nəticələrinə əsasən yüksək akademik göstəricilərə və ictimai fəallığa malik tələbələrə “Həmkarlar İttifaqı təqaüdü”nün təqdimetmə mərasimi keçirilib.
Tədbirdə çıxış edənlər “Həmkarlar İttifaqı təqaüdü”nün əhəmiyyətindən bəhs edərək bildiriblər ki, bu təşəbbüs təhsildə yüksək akademik nəticələr göstərən, ictimai fəallığı, təşkilatçılıq bacarığı və həmkarlar ittifaqı hərəkatında aktiv mövqeyi ilə seçilən tələbələrin stimullaşdırılmasına xidmət edir. Qeyd olunub ki, layihə tələbələr arasında elmə marağın artırılması, sosial fəallığın gücləndirilməsi və həmkarlar ittifaqı dəyərlərinin təşviq olunması baxımından mühüm əhəmiyyət daşıyır.
2024/2025-ci tədris ilinin yaz imtahan sessiyasının nəticələrinə əsasən Mingəçevir Dövlət Universitetinin magistrantı Günay Əhmədova, tələbələrdən Rüstəm Rüstəmov, Sərxan İsmayılov və Türkan Qaffarova “Həmkarlar İttifaqı təqaüdü”nə layiq görülüblər.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin yüksək akademik nəticələrinin təşviqi, ictimai fəallığın dəstəklənməsi və sosial məsuliyyət dəyərlərinin aşılanması prioritet istiqamətlərdəndir. Universitetdə formalaşdırılan müasir təhsil mühiti və tələbəyönümlü yanaşma gənclərin bilik və bacarıqlarının inkişafına, onların əmək bazarının tələblərinə uyğun kompetensiyalar qazanmasına və cəmiyyətin dayanıqlı inkişafına töhfə verən vətəndaş kimi formalaşmasına xidmət edir. Mingəçevir Dövlət Universiteti olaraq magistrant və tələbələrimizi təbrik edir, onlara gələcək təhsil və fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.