Mingəçevir Dövlət Universitetində beynəlxalq proqram akkreditasiyasına hazırlıqla bağlı iclas keçirilib

  • Рубрика записиMDU xəbərləri

29 oktyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin (KTDİŞ) təşkilatçılığı ilə fakültə dekanları, kafedra müdirləri və struktur bölmə rəhbərlərinin iştirakı ilə növbəti iclas keçirilib.

İclasın gündəliyinə bir sıra vacib məsələlər daxil edilib. Bunlara beynəlxalq proqram akkreditasiyasına hazırlıq işlərinin vəziyyəti və qarşıda duran vəzifələr, sillabusların keyfiyyəti və tədris nəticələri ilə uyğunluğunun təhlili, əsas fəaliyyət göstəricilərinin (KPI) fakültə və struktur bölmələrin fəaliyyət planlarında real tətbiqi və nəticəliliyinin artırılması, eləcə də QS beynəlxalq reytinq göstəriciləri üzrə universitetin mövqeyinin təhlili və inkişaf istiqamətləri aid olub.

Müzakirə olunan məsələlər barədə KTDİŞ-nin müdiri Azad Mirzəbəyov iclas iştirakçılarına ətraflı məlumat verib. Şöbənin baş mütəxəssisi Lamiyə İbrahimova isə KPI-ların tətbiqinə dair təqdimatla çıxış edib.

İnteraktiv şəkildə keçən iclasda Ömürboyu təhsil məktəbinin müdiri Azər Hüseyn, Biznes və menecment kafedrasının müdiri Emiliya Hüseynova, Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova, İqtisadiyyat kafedrasının baş müəllimi Arif Tağıyev və digər iştirakçılar gündəlikdəki mövzular ətrafında fikir mübadiləsi aparıblar.

İclasın sonunda müzakirə olunan məsələlər üzrə gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib və fakültə, kafedra və struktur bölmələr qarşısında konkret tapşırıqlar qoyulub.