Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz semestrinin 03 iyun tarixində başlayan onlayn imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub.

03-14 iyun tarixlərini əhatə edən ilk səkkiz imtahan günündə bakalavriat səviyyəsində 109 qrupda təhsil alan 1984 tələbənin 222 imtahanda iştirakı nəzərdə tutulub. Məsafədən keçirilən imtahanlarda cəmi 4 nəfər tələbə 1 fəndən “qeyri-kafi” qiymət alıb, 7 nəfər tələbə isə imtahanlarda iştirak etməyib. Tələbələr tərəfindən Apelyasiya Komissiyasına müraciət daxil olmayıb.

Magistratura səviyyəsində 13 qrup üzrə ümumilikdə 26 imtahan keçirilib. Magistrantların imtahanlarında 100 faiz iştirakçılıq və müvəffəqiyyət səviyyəsi qeydə alınıb.

Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apelyasiya Komissiyasının məsafədən keçirilən imtahan prosesində adekvat formada fəaliyyət göstərməsi təmin edilib. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” və gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayırlar. Mövcud reallıqlar nəzərə alınmaqla müvafiq həssas yanaşmanın tətbiqi ilə müşayət olunan imtahan sessiyasının mütəşəkkil təşkilində tələbə təşkilatlarının fəal tələbələri də yaxından iştirak edirlər.

Universitetdə yaz semestrinin imtahan sessiyası cari ilin 5 iyul tarixinədək davam edəcək.