Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir

  • Рубрика записиXəbərlər (AZ)

Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir

Müstəqillik əldə etdikdən sonra həyatın hər sahəsində olduğu kimi ordu quruculuğunda da boşluq var idi. Ulu öndər Heydər Əliyev ordumuzun güclənməsi üçün əməli işlər görməyə başladı. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev fəaliyyətə başladığı ilk günlərdən Millli Ordumuzun bazasının gücləndirilməsi və möhkəmlənməsi məqsədi ilə layihələrin həyata keçirilməsinə davam etdirdi. Ilbəil güclənən ordumuzun hərbçiləri təlimlər keçməklə, müharibədə qalib olmaq üçün lazım olan hər cür döyüş taktikalarını öyrənməklə xidmət eidilər. İllər uzunu torpaqlarımızın azad olunması üçün aparılan danışıqların fayda vermədiyini görən Azərbayacn Ordusu düşmənin 2020-ci il sentyabrın 27-dəki hücumunu adekvat cavablandıraraq məharətini göstərdi. Elə ilk gündən ordumuzun qalib olacağına böyük inam var idi. Əlbəttə ki, xalqımız müharibənin tərəfdarı deyildi, lakin çıxış yolu yox idi. Müharibə dövründə xalqa müraciətlərində öz qətiyyəti ilə əsgərlərimizə böyük əzmkarlıq və qorxmazlıq   hissləri aşılayan dövlətimizin başçısı düşmənimizin himayədarlarına da öz dəmir yumruğunu göstərirdi. 44 günlük müharibə Azərbaycana böyük qələbə qazandırdı. Azərbaycan Ordusunun vətənpərvərliyi, peşəkarlığı dövlətimizin gücünü dünyaya göstərdi. Müzəffər Ordu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlib.

Əsas məqsəd vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqlarımız danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad olundu. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdi Azərbaycanın Şanlı Ordusu. Şəhidlərimizin qanı yerdə qalmadı. Düşməndən onların intiqamı elə döyüş meydanında alındı. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin mərdliyi, qəhrəmanlığı, fədakarlığı sayəsində qısa vaxt ərzində qələbə qazandıq. İmzalanan bəyanatda da düşmən məğlubiyyətini etiraf etdi.

Təbii ki, biz müharibədə olmamışıq. Lakin azad olunan torpaqların necə böyük məharət sayəsində xilas olduğunu bilirik. Əsgərlərimizin silahdan istifadə etmə məharəti onların böyük hazırlıq yollarından keçdiyini gösrərir. Həm də Sal qayalara aşağıdan dırmaşmaq, müdafiə xətlərini yarmaqla peşəkarlıq göstərən döyüşçülərimiz öz cəsarətlərini hər kəsə nümayiş etdirdilər.

  Müharibə Azərbaycan Ordusuna yeni təcrübə qazandırdı. Dövlətimizin başçısı yerli və xarici jurnalistlərə verdiyi müsahibədə dediyi kimi: “Bizim ordumuz müharibələrdə iştirak etmirdi. İndi müharibə çox böyük bir təcrübədir. Biz bu təcrübədən düzgün nəticə çıxarmalıyıq. Böyük uğurlarımız olub. Eyni zamanda, müharibə dövründə müəyyən çatışmazlıqlar da olub, amma onlar həll edilib”.

44 gün ərzində ərazilərin azad olunmasında xüsusi təyinatlıların böyük xidməti olub. Döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri də iştirak edirdilər. Müharibə dövründə düşmən tərəf dəfələrlə məkrli planlara əl atsa da ordumuz geri durmadı. Yalnız irəli getdi. Düşmənin öz silah sursatlarını qoyaraq qaçması da onu göstərdi ki, Azərbaycan Ordusu yenilməzdir, fəxarət rəmzidir. Ordu korpusları ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Bundan başqa cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində böyük xidmətlər göstərib. Əlbəttə ki, qalib olmaq üçün bacarıqlı hərbçi olmaq, döyüş taktikalarını, düşmənin nələr düşündüyünü təhlil etmək lazım idi. Peşəkarlıq da elə budur. Düşmənin gözlədiyi yoldan deyil, daha çətin və doğru yolla irəliləmək və sonda qalib olmaq. Azərbaycan Ordusu heç bir çətinllikdən qorxmadı. Sonu ölüm, şəhidlik olsa belə torpaqlarımızı azad etmək, Azərbaycana əsrin qələbəsini qazandırmaq kimi missiyanı çəsarətlə yerinə yetirdi. Bu döyüşlərdə Mingəçeriin cəsur övladları da iştirak ediblər. 50 nəfərə yaxın vətən övladı şəhidlik zirvəsinə yüksəlib. Allah onlara rəhmət eləsin. Yaralanan qazilərimizə də şəfalar diləyirik. Böyük qələbəni yurdumuza qazandıran hər bir əsgər öz qəhrəmanlığını göstərməklə gənc nəsil üçün bir örnək yolu keçib. Onların qəhrəmanlıq yolu uşaqlar, gənclər üçün mübarizlik məktəbidir. Qalib Azərbaycanın vətənpərvər övladları dünyaya göstərdilər ki, ədalətin bərpa edilməsi yolunda hər cür fədakarlığa hazırdırlar.

             

Nazim Niftəliyev,

Mingəçevir Dövlət Universitetinin baş müəllimi