Rektor: Son 20 il Prezident İlham Əliyevin rəhbərliyi ilə tariximizə qızıl hərflərlə yazıldı (AZƏRTAC)

  • Рубрика записиMDU xəbərləri

AZƏRTAC, 15.10.2023

Bu gün dövlət başçısı İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin 20 illiyi tamam olur. Ötən 20 il ərzində nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya şanlı tarix yazan, bütün vədlərini yerinə yetirən, dövlətini qüdrətli edən, bölgənin taleyini müsbət yöndə dəyişdirən və yeni reallıqlar yaradan bir ölkə başçısının yüksək intellekti, əzmi və cəsarətinə, güclü siyasi qətiyyəti və iradəsinə, böyük uzaqgörənliyinə, zəngin idarəçilik təcrübəsi və məharətinə şahidlik etdi.

Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə və yeni dövrün reallıqlarına uyğun uğurla davam etdirən İlham Əliyev bu dövrdə, söz verdiyi kimi, hər bir azərbaycanlının Prezidenti olmağı bacardı. Son 20 ildə cəmiyyət həyatının istisnasız olaraq bütün sahələrində dinamik yüksəliş baş verdi və iqtisadi potensialımız əhəmiyyətli dərəcədə gücləndi. Regionların sosial-iqtisadi tərəqqisi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl, məqsədyönlü və sistemli tədbirlər ölkəmizin hərtərəfli, tarazlı və davamlı inkişaf yolunda sürətlə irəliləməsinə gətirib çıxardı.

Elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrinə diqqət və qayğının artırılması, yoxsulluğun azaldılması və sosial rifahın yüksəldilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi və həyata keçirilən digər kompleks tədbirlər sayəsində Azərbaycan “yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil oldu.

Onun sözlərinə görə, bu gün ölkəmizdə insan kapitalının inkişafı diqqət mərkəzində saxlanılır, gənclərin hərtərəfli inkişafı üçün münbit şərait təmin edilir və onlara dövlət tərəfindən güclü dəstək göstərilir. Gənclərimiz Prezident İlham Əliyevi ən böyük dostları və himayədarları olaraq qəbul edirlər. Təsadüfi deyil ki, tarixi Zəfər yürüşündə əsas missiyanı məhz İlham Əliyevin rəhbərliyi dövründə milli-mənəvi dəyərlər ruhunda yetişən gənclərimiz yerinə yetirdilər.

Rektor deyib: “Ordu quruculuğu, daxili və xarici siyasət sahəsində misilsiz xidmətləri ilə Prezident İlham Əliyev xalqımızın xəyal kimi görünən ən böyük arzusunu gerçəkləşdirməklə, həm də ata vəsiyyətini yerinə yetirdi. Müzəffər Ali Baş Komandanımızın yüksək sərkərdəlik məharəti və rəşadətli Azərbaycan Ordusunun yenilməz gücü sayəsində 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyuldu. Qazanılan şanlı Zəfərlə tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Eyni zamanda, Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində 24 saatdan az bir müddətdə düşmənin qanunsuz silahlı birləşmələrinin təslim edilməsi, terrorçuların cəzalandırılması və suverenliyimizin tam təmin olunması ilə Azərbaycan gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “artıq bizim daxili təhdidlərimiz yoxdur”. Eləcə də, işğaldan azad edilmiş əzəli torpaqlarımızın – Qarabağ və Şərqi Zəngəzurun sülh, əməkdaşlıq və “yaşıl” inkişaf məkanına çevrilməsi yolunda həyata keçirilən sürətli və irimiqyaslı quruculuq işləri, məcburi köçkünlərimizin doğma yurdlarına qayıdışının təmin edilməsi hər birimizi qürurlandıran tarixi hadisələrdəndir”.

“Bu dövr, həmçinin ölkəmizin həm regional, həm də beynəlxalq səviyyədə nüfuzunun və siyasi çəkisinin xeyli artması ilə yadda qaldı”, – deyən rektor bildirib ki, irimiqyaslı transmilli layihələrin təşəbbüskarı olan və bir çox nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan hazırda beynəlxalq müstəvidə güclü və etibarlı tərəfdaş olaraq qəbul edilir. Azərbaycan sivilizasiyalararası dialoqun güclənməsinə, Türk dünyasının bütövləşməsinə və müsəlman dünyasının zənginləşməsinə əhəmiyyətli töhfə verən, dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınan dünyəvi və tolerant dövlət hesab edilir.

“Beləliklə, son 20 il Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Zəfərə aparan şanlı inkişaf dövrü kimi tariximizə qızıl hərflərlə yazıldı. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri artıq reallaşdı. Ümummilli Liderimizin zəngin irsindən nurlanan bu günəş güclü lider, qalib sərkərdə, qlobal nüfuzlu siyasətçi İlham Əliyevin misilsiz fəaliyyəti ilə bu günümüzə və gələcəyimizə parlaq və gur işıq saçır. Qədirbilən Azərbaycan xalqı heç bir alternativi olmayan bu siyasi xətti dəstəkləyərək və yüksək etimad göstərərək dövlət başçımızın ətrafında “dəmir yumruq” kimi sıx birləşmişdir. Bu gün Prezidentlik fəaliyyətinin 20 illiyində cənab İlham Əliyevin gördüyü titanik işlərin ictimaiyyət tərəfindən böyük həvəslə və rəğbətlə dəyərləndirilməsi bunun bariz nümunələrindən biridir”, – deyə Mingəçevir Dövlət Universitetinin rektoru əlavə edib.