MDU tələbələri “Yaşıl kibertəhlükəsizlik konsepsiyası: rəqəmsal təhlükəsizliyin təmini” mövzusunda maarifləndirici seminar keçiriblər

2024-cü il mayın 15-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nin proqramına əsasən Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə Mingəçevir şəhəri N.Ahəngari adına 13 saylı tam orta məktəbdə “Yaşıl kibertəhlükəsizlik konsepsiyası: rəqəmsal təhlükəsizliyin təmini” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda MDU-nun və məktəbin müəllimləri, tələbələr, magistrantlar və şagirdlər iştirak edib.

MDU-nun Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva çıxış edərək yaşıl kibertəhlükəsizlik konsepsiyasının önəmi, rəqəmsal təhlükəsizliyin təminatı barədə məlumat verib. Görüşdə iştirak edən MDU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev, İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Sonra, seminarın proqramına uyğun olaraq tələbələrin məruzələri dinlənilib.

MDU-nun Mühəndislik fakültəsinin tələbələrindən Gülnar İsmayılova “Rəqəmsal təhlükələr və fişinqin identifikasiyası”, Əfqan Həsənov “Şəxsi məlumatların mühafizəsi və parol təhlükəsizliyi”, Aytac Feyzullayeva “Kibertəhlükəsizlikdə hüquq, etika və peşə məsələləri” və Adil Əhmədzadə “Sosial mühəndisliyin davamlı inkişafa təsiri” mövzularında məruzələrlə çıxışlar ediblər. Çıxışlarda əsasən uşaq və yeniyetmələrin internetdə üzləşə biləcəyi kibertəhdidlər, onlardan müdafiə üsulları, internetdən düzgün istifadə qaydaları və digər məlumatlara toxunulub.

Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb .

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.