MDU-da Azərbaycan şairi Məhəmməd Füzulinin530 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

2024-cü ilin 29 mayında Mingəçevir Dövlət Universitetində (MDU) dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan “Könül mülkünün sultanı: Məhəmməd Füzuli” adlı ədəbi-bədii tədbir keçirilib. Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.

MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova giriş sözü ilə çıxış edərək tədbirin Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində təşkil edildiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin şair haqqında söylədiyi “Füzuli mənim tarixim, Füzuli mənim mənliyimdir” sözlərindən sitat gətirən E.Cəfərova Məhəmməd Füzulini Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkar kimi səciyələndirib.

Məhəmməd Füzulinin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Sonra MDU tələbələrinin məruzələri dinlənilib. Qənirə Hüseynova “Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və  mədəniyyətinin iftixarıdır”, Səadət Atakişiyeva “Heydər Əliyev zəkası və Füzuli dühası”, Qızbəs Osmanova “Məhəmməd Füzulinin nəsr yaradıcılığı və tərcümə əsərləri”, Sevinc Ramazanova “Məhəmməd Füzlinin sosial siyasi ideyaları və insan haqları”, Sultan Mahmudova “Məhəmməd Füzuli və Azərbaycan ədəbiyyatında qəzəl janrı”, Səkinə Adıgözəlzadə “Füzuli poeziyasının ümumdünya əhəmiyyəti”, Cəmilə Bayramova “Məhəmməd Füzulinin dili” adlı mövzularda çıxış ediblər. Şairin ədəbi yaradıcılığını araşdıran gənclər Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutduğunu qeyd edib, onun öz ənənələri olan mükəmməl ədəbi məktəb formalaşdırdığını diqqətə çatdırıblar.

Tədbir Humanitar fənlər kafedrasının tələbələri Hüseyn Kərimli, Günel Nəcəfova, Aygün Əliyeva və Hüseyn Cəfərovun təqdimatında bədii hissə ilə davam edib.

Məruzələr və tədbirin bədii hissəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.