MDU tələbəsi Dövlət Vergi Xidmətinin sertifikatına layiq görülüb

Mingəçevir Dövlət Universitetinin (MDU) “Maliyyə” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Aytəkin Vəliyeva 2024-cü ilin may-iyun ayları ərzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili” mövzusunda keçirilən təlimləri uğurla başa vurub.  

Bununla əlaqədar olaraq MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov A.Vəliyeva ilə görüşüb, onu qazandığı yeni nailiyyəti münasibətilə təbrik edib. Ü.Zeynalov DVX tərəfindən təşkil olunan təlimlərin məqsədinin vergi orqanlarında könüllü fəaliyyətə cəlb olunacaq əməkdaşların iş prinsipi barədə ətraflı məlumatlandırılması, xüsusi sahələr üzrə bilik və təcrübələrinin artırılması olduğunu bildirib və bu sahədə təhsil alan bütün gənclərimizin onların inkişafı üçün yaradılan şəraitdən faydalanmağı tövsiyyə edib. Təlimi müvəffəqiyyətlə bitirən gənci təbrik edən Ü.Zeynalov yaradılan imkanlara görə təşkilatçılara da təşəkkürünü çatdırıb.

Qeyd edək ki, DVX-nin mütəxəssisləri tərəfindən keçirilmiş təlimlər çərçivəsində “Dövlət vergi orqanlarına xidmət”, “Dövlət Vergi Xidmətinin fəaliyyətinin təşkili”, “Dövlət vergi orqanları, onların hüquq və vəzifələri”, “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi qaydaları”, “Dövlət sirri hesab edilən məlumatların təhlükəsizliyinin qorunmasına dair tələblər”, “Kommersiya vergi sirri hesab edilən məlumatların təhlükəsizliyinin qorunmasına dair tələblər”, “Vergi orqanlarında xidmətin şərtləri” mövzularında təqdimatlar edilib. İştirakçılar 2 ay ərzində keçən xüsusi dərslərdə vergi orqanlarında işin təşkili, vergi ödəyiciləri ilə davranış və könüllü fəaliyyətin mahiyyəti barədə ətraflı məlumat əldə ediblər. Sonda təlimlərdə iştirak edən 50 könüllü arasında qiymətləndirilmə aparılıb və sertifikatlar təqdim olunub. Qiymətləndirilmədə yüksək bal toplayan tələbəmiz Aytəkin Vəliyeva sertifikata layiq görülən 13 nəfərdən biridir. Bu münasibətlə onu təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.