“Bu günün şagirdləri gələcəyin müəllimləridir” mövzusunda elmi-praktik seminar keçirilib

26 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Tanriqulular kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Bu günün şagirdləri gələcəyin müəllimləridir” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbirdə təhsil və elm sahəsindəki yeniliklər və şagirdlərin gələcək müəllimlik rolu müzakirə edilib.
Seminarın moderatoru Fəridə Həsənli seminarın əhəmiyyətinə diqqət çəkərək iştirakçıları salamlayıb və bu cür tədbirlərin şagirdlərin inkişafına və təhsildəki yeniliklərin daha geniş kütləyə çatdırılmasına töhfə verəcəyini qeyd edib. Tədbirdə Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova və Tanriqulular kənd tam orta məktəbinin direktoru Bəxtiyar Mahmudov da iştirak ediblər.
Seminarda şagirdlər fəal iştirak ediblər. Tanriqulular kənd tam orta məktəbinin VIII sinif şagirdi Nərgiz İskəndərzadə “Əzələ sisteminin inkişafı və möhkəmləndirilməsi” mövzusunda maraqlı məruzə təqdim edib. VII sinif şagirdi Zəhra Səmədli isə “Atomun quruluşu” haqqında ətraflı məlumat verərək iştirakçıların diqqətini cəlb edib. Şagirdlərin təqdimatları, xüsusilə onların təqdim etdiyi elmi mövzulara dair dərin biliklər iştirakçılarda böyük maraq yaradıb.
Seminarın əsas məqsədi, şagirdlərin təhsil və elm sahəsində daha fəal olmalarını təşviq etmək, gələcəkdə müəllim olmaq istəyən şagirdlərin müasir elmi bilikləri mənimsəməsinin vacibliyini vurğulamaq olub. Tədbir şagirdlərin elmi və pedaqoji inkişafı üçün mühüm bir addım olaraq qiymətləndirilib.

Seminarın sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb və gələcək seminarların daha geniş miqyasda təşkil olunması, şagirdlərin elmi fəaliyyətlərinin daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.