Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının müəllimi Mətanət Yusifova, Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin baş mütəxəssisi Lamiyə İbrahimova və İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Könül Məmmədova Mingəçevir şəhər 3 saylı tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Çinarə Əhmədova ilə birlikdə məktəbin akt zalında müəllim və şagird heyəti ilə görüş keçiriblər.
Görüşün əsas məqsədi məktəblilərə MDU haqqında geniş məlumat vermək və tələbə qəbuluna dair məlumatları çatdırmaq olub.
Mətanət Yusifova MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalovun salamlarını şagirdlərə çatdıraraq məktəb rəhbərliyinə görüşün təşkilinə görə təşəkkürünü bildirib. Daha sonra Lamiyə İbrahimova universitetin vizyonu, məqsədləri və son illər ərzində əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib. MDU-nun regionda aparıcı universitetlərdən biri olması yolunda atılan addımlar, fakültələr, ixtisaslar, mövcud müasir kampus və tələbə həyatı haqqında da məlumatlar verilib.
Görüşdə universitetin təhsil haqları, milli və beynəlxalq təqaüdlər, müəllim-tələbə mübadiləsi həyata keçirilən layihələr və universitetin tərəfdaşlıq etdiyi yerli və beynəlxalq qurumlar barədə də şagirdlərin sualları cavablandırılıb. Təqdimatdan sonra təcrübə keçən tələbələr universitet həyatından, tədrisin keyfiyyətindən və imtahanların obyektiv keçirilməsindən danışaraq şagirdlərlə təcrübələrini bölüşüblər.
Görüşün sonunda MDU haqqında məlumatların yer aldığı bukletlər şagirdlərə təqdim edilib, onlara maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün tələbə qəbulunun mütəşəkkil təşkili və təbliğat-təşviqat işlərinin vaxtında aparılması məqsədilə universitet rəhbərliyi tərəfindən təbliğat-təşviqat qrupu yaradılıb. Qruplar Mingəçevir şəhəri və digər regionların ümumtəhsil məktəbləri ilə yanaşı, kolleclərdə də təhsil müəssisələrinin müəllim və buraxılış tələbə kontingenti ilə görüşlər keçirərək bu işləri həyata keçirirlər.
Mingəçevir Dövlət Universiteti təhsil sahəsində əldə etdiyi uğurlarla ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olmaqda davam edir və tələbə qəbulunun təşkili sahəsindəki səylərini daha da artıracaq.