MDU-da təhsil tələbə krediti ilə bağlı infosessiya keçirilib

2025-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil Tələbə Kredit Fondu (TTKF) tərəfindən ödənişli əsaslarla təhsil alan tələbələr üçün infosesiya keçirilib.

MDU-nun Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri İlhamə Məmmədova tədbirdə çıxış edərək qonaqları salamlayıb, görüşün məqsədi barədə tələbələrə məlumat verib. O, çıxışında dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib, Fondun yaradılmasının məhz bu qayğının bariz nümunəsi olduğunu vurğulayıb. O, layihənin əsas məqsədinin sosial cəhətdən həssas qruplardan olan tələbələrə dəstək göstərmək olduğunu bildirib və ehtiyacı olan tələbələri bu fürsətdən yararlanmağa dəvət edib.

TTKF-nin baş mühasibi Kənan Əliyev təqdimatla çıxış edərək fondun fəaliyyət istiqamətləri və tələbə kreditləri üzrə əsas şərtlər barədə məlumat verib. O, Fondun fəaliyyətində əsas məqsədinin aztəminatlı ailələrdən olan gənclərin təhsilə əlçatanlığını artırmaq və təhsildə bərabər imkanlar yaratmaq olduğunu diqqətə çatdırıb. K.Əliyev həmçinin təhsil tələbə kreditlərinin növləri, müraciət proseduru, kreditlərin verilmə meyarları və rəsmiləşdirilməsi ilə bağlı ətraflı izahat verib.

İnfosessiya tələbələrin mövzuya dair suallarının cavablandırılması ilə yekunlaşıb.