Mingəçevir Dövlət Universitetinin əməkdaş və tələbələri məktəblilərə biomüxtəlifliyin qorunması mövzusunda elmi-praktiki seminar keçiriblər

Mingəçevir şəhər 18 saylı tam orta məktəbdə Mingəçevir Dövlət Universitetinin təşəbbüsü və iştirakçılığı ilə “Biomüxtəlifliyin qorunması və Qırmızı kitab” mövzusunda elmi-praktiki seminar təşkil olunub. Tədbirin məqsədi məktəblilərdə ekoloji savadlılığın artırılması, təbiətə həssas yanaşmanın formalaşdırılması və gündəlik davranışların ətraf mühitə təsiri barədə elmi əsaslı məlumatlılığın gücləndirilməsi olub.

Seminarda MDU-nun Fizika və Ekologiya kafedrasının əməkdaşları Fəridə Həsənli və Gülgün İsrəfilova, həmçinin Ekologiya ixtisası üzrə təhsil alan E24 saylı qrupun tələbəsi Fatimə Əliyeva çıxış ediblər. Çıxışlarda biomüxtəlifliyin ekosistemlərin davamlılığında rolu, antropogen təsirlərin canlı aləminə mənfi təsirləri, nadir növlərin qorunma mexanizmləri, eləcə də Qırmızı kitaba daxil edilmə meyarları elmi əsaslarla geniş şəkildə izah olunub. Eyni zamanda, ekoloji risklərin qarşısının alınmasında maarifləndirmənin, erkən yaşlardan davranış dəyişikliyinin və icma yönümlü yanaşmaların vacibliyi vurğulanıb.

Tədbir interaktiv müzakirələrlə davam etdirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Seminar məktəblilər tərəfindən böyük maraqla qarşılanıb, ekoloji düşüncə tərzinin və məsuliyyət hissinin formalaşmasına müsbət töhfə verib.

Qeyd edək ki, bu kimi maarifləndirici təşəbbüslər təhsilin cəmiyyət üçün faydaya çevrilməsi, ekoloji biliklərin gündəlik vərdişlərə inteqrasiyası, təbii sərvətlərin qorunması və gələcək nəsillər üçün dayanıqlı yaşam mühitinin dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Mingəçevir Dövlət Universiteti məktəblərlə əməkdaşlıq çərçivəsində elmi biliklərin paylaşılmasını və ekoloji məsuliyyət mədəniyyətinin təşviqini ardıcıl şəkildə davam etdirir.