Mingəçevir Dövlət Universitetində “Qida çatışmazlığı – qlobal problem və səbəbləri” mövzusunda maarifləndirici seminar keçirilib

2025-ci ilin 5 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasında “Qida çatışmazlığı – qlobal problem və səbəbləri” mövzusunda maarifləndirici seminar keçirilib. Universitetin II korpusunda yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunan seminarda Təhsil və Mühəndislik fakültələrinin müəllim və tələbələri iştirak ediblər.

Maarifləndirici seminar Kimya müəllimliyi ixtisasının K23 saylı qrup tələbələrinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Tədbirin əsas məqsədi müasir dövrdə qlobal miqyasda aktual problemlərdən biri hesab olunan qida çatışmazlığı və qida təhlükəsizliyi məsələləri barədə tələbələri məlumatlandırmaq, bu sahədə mövcud problemlərin səbəblərini və onların həlli yollarını müzakirə etmək olub.

Seminar çərçivəsində qida çatışmazlığının anlayışı və növləri, bu problemin iqtisadi, sosial və ekoloji səbəbləri, qida çatışmazlığının insan sağlamlığına təsiri, eləcə də qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.

Tədbir zamanı K23 saylı qrupun tələbələri mövzu üzrə təqdimatlarla çıxış ediblər. Qarayeva Fatimə “Qida çatışmazlığı – qlobal problem və səbəbləri”, Cəfərova Aysu “Qida təhlükəsizliyinin təmininə yönəlmiş innovativ həllər”, Məmmədova Səbinə isə “Süni qidalardan istifadənin sosial-fəlsəfi məqamları” mövzusunda məruzələrini təqdim ediblər.

Seminar zamanı təqdimatlar, izahlar və qrup müzakirələri aparılıb, iştirakçılar mövzu ətrafında fikir mübadiləsi ediblər. Tədbir çərçivəsində qida çatışmazlığı probleminin həlli istiqamətində görülən tədbirlər, eləcə də bu prosesdə gənclərin və tələbələrin rolu müzakirə olunub.

Təqdim olunan mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar öz fikirlərini bölüşərək mövzu ilə bağlı suallarına cavab alıblar. Eyni zamanda, problemin həlli istiqamətində maraqlı təkliflər səsləndirilib.

Seminarın sonunda qeyd olunub ki, belə maarifləndirici tədbirlər qida çatışmazlığı probleminin ciddiliyinin daha yaxşı anlaşılmasına, sağlam qidalanma və qida təhlükəsizliyi ilə bağlı biliklərin artırılmasına mühüm töhfə verir. Bununla yanaşı, gündəlik həyatımızda düzgün qidalanma vərdişlərinin tətbiqinin vacibliyi xüsusi vurğulanıb.

Ümumilikdə seminar iştirakçılar tərəfindən faydalı və maarifləndirici qiymətləndirilib və gələcəkdə qida təhlükəsizliyi və sağlam qidalanma mövzularında bu kimi tədbirlərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.