Mingəçevir tezliklə regionun təkcə energetika mərkəzi olmayacaq: Şəhərin həm də beynəlxalq turizm məkanına çevriləcəyi gün uzaqda deyil

  • Рубрика записиMDU xəbərləri

Prezidentin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsinin ölkəmizin şəhərsalma və memarlıq sahəsində mühüm əhəmiyyətə malik olduğu şübhəsizdir. Ən azından o səbəbdən ki, qədim yaşayış məskəni olan Azərbaycanda şəhərsalma və memarlıq ənənələri çoxəsrlik zəngin bir tarixə malikdir.

Böyük ticarət yollarının üstündə yerləşən Azərbaycan həm də çoxsaylı tarixi abidələri ilə seçilən ölkədir. Coğrafi baxımdan Azərbaycanın əlverişli mövqeyi onun mədəniyyətlərin qovşağı olmasını təmin etmişdir. Bu isə şəhərsalma və memarlıq sahəsində zəngin irsin formalaşmasına səbəb olmuşdur.

Prezident İlham Əliyevin ölkəmizdə şəhərsalma və memarlıq sahəsində görülən işlərə xüsusi diqqət ayırması, bu sahədə həyata keçirilən layihələr Azərbaycanın müasir şəhərsalma siyasətinin uğurla inkişaf etdiyini göstərir.

Azərbaycanın memarlıq və şəhərsalma tarixində Mingəçevirin xüsusi yeri vardır. 1948-ci ilin noyabrında şəhər statusu almış Mingəçevir bu gün müasir şəhər kimi sürətlə inkişaf edir. Şəhərin 139 kvadratkilometr ərazisi vardır. Mingəçevir inzibati ərazi dairəsi 1962-ci ilin iyununda Azərbaycan SSR Ali Sovetinin qərarı ilə təsdiq edilmişdir.

Bu gün də şəhərin inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunur. Nazirlər Kabinetinin 2016-cı ilin 15 noyabr tarixli qərarı ilə Mingəçevirin inzibati ərazisi daxilində 2033-cü ilədək əhatə edən inkişaf planı təsdiq edilmişdir. Baş plana əsasən, Mingəçevir istiqamətində cənub-qərb hissəsində 353,1 ha (Kür çayının sahili və cənub hissəsində 69,28 ha (Kür çayının sahili) perspektiv inkişaf əraziləri müəyyən olunmuşdur.

Baş plana əsasən, şəhərin 20 illik kompleks inkişaf planı hazırlanmışdır. Baş plana uyğun olaraq, mövcud proqramlar da hazırlanmışdır. Qeyd etdiyimiz kimi, bu işlər şəhərin inkişafına böyük töhfə verəcəkdir. Layihələr çərçivəsində 14 yaşayış məhəlləsinin salınması planlaşdırılır. Məhəllələrdə 5, 9, 12, 14 mərtəbəli yaşayış və inzibati binalar, məktəb və uşaq bağçaları tikiləcək, 5 hektara yaxın ərazidə yeni iş yerləri yaradılacaqdır.

Mingəçevir Dövlət Universiteti üçün yeni kampus tipli korpus tikiləcək.

Bunlardan əlavə, Mingəçevirin gələcək inkişaf planı çərçivəsində su anbarı ətrafında rekreasiya zonaları, parklar və istirahət məkanları yaradılacaq, ekoloji baxımdan layihələr həyata keçiriləcəkdir. Azərbaycanın ən böyük su hövzəsinin – Mingəçevir su anbarının ətrafı şəhərin əsas rekreasiya (istirahət və əyləncə) potensial məkanı kimi formalaşacaqdır.

Baş plana əsasən, 367,66 hektar ərazinin yenidən qurulması planlaşdırılır. Həmin planın 191,45 hektarı turizm mərkəzi kimi inkişaf etdiriləcəkdir. Planlaşmaya görə, bu ərazilər həm yerli sakinlər, həm də turistlər üçün ən gözəl istirahət zonasına çevriləcəkdir.

Mingəçevir bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edir və abadlaşır. Dövlət başçısı Mingəçevirin inkişafına xüsusi diqqət ayıraraq, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən son illər Qafqazın ən böyük energetika mərkəzi hesab olunan Mingəçevirdə 1880 MVt gücündə “8 Noyabr” İstilik-Elektrik Stansiyası tikilib istifadəyə verilmişdir.

Bu isə şəhərin daha da inkişaf etməsinə mühüm töhfə verir. Eyni zamanda şəhərdə yeni yaşayış binaları, sosial obyektlər, parklar və istirahət zonaları salınır.

Bu il “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi şəhərin inkişafına təkan verəcəkdir. Cari ildə 5 məhəllənin abadlaşdırılması, həmin məhəllələrdə işıqlandırma, yaşıllıq zolaqları və digər sosial infrastrukturun yaradılması nəzərdə tutulur.

Heydər Əliyev prospekti boyunca inzibati və yaşayış binalarının fasadları yenilənəcək, küçələr abadlaşdırılacaqdır. Yeni layihələr çərçivəsində Mingəçevirdə sənaye mərkəzi kimi inkişaf, həmçinin yeni iş yerlərinin açılması, mənzil fondunun genişləndirilməsi, abadlıq və yaşıllaşdırma işləri davam etdiriləcəkdir.

Mingəçevir beynəlxalq istirahət və turizm mərkəzinə çevriləcəkdir.

Sahib Əliyev,
Mingəçevir Dövlət Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru