Mingəçevir Dövlət Universitetində İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Sənaye inkişafında süni intellekt və data analitikası” mövzusunda elmi-praktiki seminar keçirilib. Seminarın moderatorları Nərmin Əhmədova və Şəbnəm Nəsirova olub.
Tədbirin açılışında Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva və İnformasiya texnologiyaları kafedrasının müdiri Aida Mustafayeva çıxış edərək texnoloji inkişaf, rəqəmsallaşma və süni intellektin cəmiyyətin bütün sahələrində, xüsusilə sənaye sektorunda oynadığı mühüm rolu vurğulayıblar. Qeyd olunub ki, bu sahədə aparılan tədqiqatlar ölkənin iqtisadi və sosial inkişafına töhfə verir, innovativ həllərin tətbiqi isə məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Eyni zamanda seminarın gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və bilik mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli platforma olduğu bildirilib.
Seminar çərçivəsində bir sıra aktual mövzular üzrə məruzələr təqdim olunub. Asudə Abdurrahmanova “Sənaye idarəetmə sistemlərinin rəqəmsallaşdırılması” mövzusunda çıxış edərək sənaye proseslərinin optimallaşdırılması imkanlarını izah edib. Günel Baxşıyeva “Süni intellektə əsaslanan robotlaşdırılmış sistemlərin aqrar sektorda tətbiqi və inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış edərək kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqini diqqətə çatdırıb. Fatma Əliyeva “Smart Governance modeli çərçivəsində bələdiyyə xidmətlərinin rəqəmsallaşdırılması” mövzusunda çıxış edərək rəqəmsal idarəetmə və smart xidmətlərin tətbiqini izah edib. Məleykə Heydərova isə “Tibbi diaqnostikada maşın öyrənməsi alqoritmlərinin tətbiqi və diaqnostik dəqiqliyin statistik əsaslarla təhlili” mövzusunda çıxış edərək süni intellekt metodlarının tibbi sahədə effektivliyini təqdim edib.
Seminar çərçivəsində mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində süni intellekt və rəqəmsal texnologiyalar sahəsində aparılan tədqiqatların inkişaf etdirilməsi, innovativ ideyaların təşviqi və gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi istiqamətində bu kimi elmi-praktiki seminarlar mütəmadi olaraq təşkil olunur.