Mingəçevir Dövlət Universitetinin əməkdaşları Avropa bank sektorunda ESG amillərinə dair mühazirədə iştirak ediblər

Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı “Avropa bank sektorunda S və G amillərinin ayrılması: iqlim riskləri və imkanları barədə məlumatlılığın rolu” mövzusunda keçirilən beynəlxalq mühazirədə hibrid formatda iştirak ediblər.

Tədbirdə çıxış edən təqdimatçı Simona Russo iqlim dəyişiklikləri ilə bağlı risk və imkanlar barədə məlumatlılığın bank sektorunda artan əhəmiyyətindən bəhs edib. Bildirilib ki, ekoloji keçid prosesi sosial (S) və idarəetmə (G) sahələrində yeni çağırışlar formalaşdırır və bu sahələrdə effektiv strategiyaların hazırlanmasını zəruri edir.

Mühazirə çərçivəsində Avropa banklarını əhatə edən geniş tədqiqatın nəticələri təqdim olunub. Qeyd edilib ki, maliyyə institutlarının iqlimlə bağlı məlumatlılıq səviyyəsi sosial və idarəetmə sahələrində strategiya və təcrübələrin inkişafına mühüm təsir göstərir. Xüsusilə, məhsul məsuliyyəti, icma ilə əlaqələr, maraqlı tərəflərin cəlb edilməsi və idarəetmə kimi alt göstəricilər üzrə müsbət və statistik baxımdan əhəmiyyətli nəticələr əldə edildiyi vurğulanıb.

Bununla yanaşı, risklərin idarə olunması və nəzarət mexanizmlərinin, o cümlədən IRB yanaşmasının tətbiqinin bu əlaqəni daha da gücləndirdiyi diqqətə çatdırılıb. Aparılmış həssaslıq və dayanıqlılıq testlərinin nəticələri təqdim olunan yanaşmaların etibarlılığını təsdiqləyib.

Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iqlim riskləri ilə dayanıqlı inkişafın digər komponentləri arasındakı qarşılıqlı əlaqələr müzakirə olunub.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində əməkdaşların beynəlxalq elmi tədbirlərdə fəal iştirakının təşviqi universitetin elmi potensialının gücləndirilməsi və qlobal akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.