Mingəçevir Dövlət Universitetində elmi ekskursiya təşkil olunub

2026-cı il martın 11-də Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasının bir qrup tələbə, magistrant və professor-müəllim heyəti üçün Mingəçevir şəhər Su Kanal İdarəsinin tullantı sularını toplayan nasos stansiyasına elmi ekskursiya təşkil olunub.

Ekskursiya zamanı iştirakçılar müəssisənin iş prinsipi, tullantı sularının toplanması və emalı prosesi, həmçinin mövcud vəziyyətlə yaxından tanış olublar. İdarənin baş mühəndisi Mustafa Yəhya oğlu Kərimov tərəfindən Mingəçevir şəhərində tullantı sularının idarə olunması sahəsində görülən işlər və mövcud vəziyyət barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, son illərdə infrastrukturun yenilənməsi istiqamətində mühüm işlər həyata keçirilib. Belə ki, yüzlərlə kilometr yeni kanalizasiya xətləri çəkilib, müasir nasos stansiyaları qurulub və sistemin genişləndirilməsi prosesi davam etdirilir. Bununla yanaşı, sahədə hələ də müəyyən problemlərin mövcud olduğu diqqətə çatdırılıb.

Eyni zamanda bildirilib ki, tullantı sularının yaratdığı ekoloji risklərin azaldılması məqsədilə yaxın gələcəkdə Yevlax istiqamətində iri su təmizləyici qurğunun tikintisi planlaşdırılır və bunun üçün müvafiq ərazi artıq müəyyənləşdirilib.

Elmi ekskursiya tələbələrin nəzəri biliklərinin praktik biliklərlə zənginləşdirilməsi, onların ekoloji məsələlərə dair məlumatlılığının artırılması və peşəkar inkişafına töhfə verilməsi baxımından əhəmiyyətli olub.