Mingəçevir Dövlət Universitetində “Kampusda su idarəetmə sistemi” mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universitetinin əsas tədris binasında İnformasiya Texnologiyaları kafedrası və Təbiət elmləri kafedrasının birgə təşkilatçılığı ilə “Kampusda su idarəetmə sistemi” mövzusunda seminar təşkil olunub. Tədbir universitetin akademik heyətinin bir sıra üzvləri və tələbələrin iştirakı ilə keçirilib.

Seminar BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində – “Təmiz su və sanitariya” istiqamətinə uyğun olaraq təşkil edilib. Tədbirin əsas mövzusu su ehtiyatlarının qorunması, onların səmərəli idarə olunması və əhalinin keyfiyyətli içməli su ilə təminatının innovativ yanaşmalar vasitəsilə inkişaf etdirilməsi olub.

Seminarda çıxış edənlər sırasında İT kafedrasının müəllimləri Əliyeva Zemfira və Əlizadə Ceyhun, eləcə də Təbiət elmləri kafedrasının müəllimi Məmmədova Gülmirə yer alıblar. Məruzəçilər su idarəetmə sistemlərinin müasir vəziyyəti, innovativ texnologiyaların tətbiqi və bu sahədə perspektiv imkanlar barədə ətraflı məlumat veriblər.

Tədbir çərçivəsində müəllimlər və tələbələr arasında mövzu ətrafında qarşılıqlı müzakirələr aparılıb, iştirakçıların su ehtiyatlarının tükənməsinin qarşısının alınması istiqamətində təklif və fikirləri dinlənilib.

Seminarın keçirilməsində əsas məqsəd su ehtiyatlarının davamlı idarə olunması üçün innovativ həllərin müəyyənləşdirilməsi, bu istiqamətdə elmi yanaşmaların təşviqi və əldə olunan nəticələrin gələcəkdə dövlət proqramlarına inteqrasiyasına töhfə verməkdən ibarət olub.