​Mingəçevir Dövlət Universitetində “Enerji tədqiqatları istiqamətində magistr dissertasiyalarının hazırlanması və elmi tədqiqat metodologiyası” mövzusunda təlim keçirilib.

  • Рубрика записиEnergetika

Mingəçevir Dövlət Universitetinin gənc tədqiqatçıların elmi potensialının artırılması və magistr dissertasiyalarının müasir standartlara uyğunlaşdırılması məqsədilə növbəti maarifləndirici təlim təşkil olunub. Energetika kafedrasının magistrantları üçün nəzərdə tutulan təlim “Enerji tədqiqatları istiqamətində magistr dissertasiyalarının hazırlanması və elmi tədqiqat metodologiyası” mövzusuna həsr edilib.​Təlimin mərkəzində duran əsas məsələ “ikili elmi rəhbərlik” modelinin tətbiqi və bu modelin gənc alimlərin inkişafındakı rolu olub. Bu yanaşmanın əsas hədəfi magistrantların apardıqları real, tətbiqi xarakterli tədqiqatların fundamental elmi iş səviyyəsində sistemləşdirilməsini təmin etməkdir. Bu model sayəsində magistrantlar həm akademik nəzəriyyələri mənimsəyir, həm də sənaye təcrübəsini öz işlərinə inteqrasiya edərək daha rəqabətqabiliyyətli elmi nəticələr əldə edirlər. Təlimdə məruzəçi qismində çıxış edən Energetika kafedrasının dosenti Kəmalə Eyyubova və tex.f.d. Liliya Süleymanova dissertasiya yazılışının struktur elementləri, elmi yeniliyin müəyyən edilməsi və beynəlxalq bazalarda mövcud olan ədəbiyyatdan istifadə qaydaları barədə ətraflı məlumat veriblər. Natiqlər vurğulayıblar ki, bu yanaşma gənc tədqiqatçılara akademik və praktiki bilikləri sintez edərək, öz araşdırmalarını həm yerli, həm də beynəlxalq peşəkar elmi platformalarda yüksək səviyyədə təqdim etmək imkanı qazandıracaqdır. Təlimin ikinci hissəsi interaktiv sual-cavab formatında davam edib. Magistrantlar tədqiqat mövzularının seçilməsi, enerji sektorunda innovativ həllərin elmi işlərdə əksi və məlumatların analizi ilə bağlı onları maraqlandıran sualları ünvanlayıblar.​Bu kimi təlimlər MDU-nun elmi fəaliyyətlə təhsilin vəhdətini təmin etmək, həmçinin enerji sahəsində yüksək ixtisaslı kadr hazırlığına töhfə vermək strategiyasının mühüm tərkib hissəsidir.