Mingəçevir Dövlət Universitetində resurslardan səmərəli istifadəni təşviq etmək, tullantıların iqtisadi dəyərə çevrilməsi istiqamətində innovativ yanaşmaları dəstəkləmək və tələbələrin dairəvi iqtisadiyyat prinsipləri əsasında startap düşüncə tərzini inkişaf etdirmək məqsədilə “Tullantıdan Dəyərə” mövzusunda startap müsabiqəsi keçirilib. Tədbir Energetika kafedrası, Təbiət elmləri kafedrası və İqtisadiyyat kafedrasının birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Müsabiqə çərçivəsində iştirakçılar tullantıların idarə olunması sahəsində mövcud problemləri təhlil edərək onların resursa çevrilməsi üçün innovativ və tətbiq oluna bilən həllər üzərində çalışmışlar. Komandalar müxtəlif növ tullantıların – plastik, məişət, sənaye və kənd təsərrüfatı tullantılarının – təkrar emalı, yenidən istifadəsi və əlavə dəyər yaradan məhsullara çevrilməsi istiqamətində startap ideyaları təqdim etmişlər.
Hazırlanan layihələrdə yalnız ekoloji deyil, həm də iqtisadi aspektlər nəzərə alınmışdır. Təklif olunan həllər resursların dövriyyəyə qaytarılması, tullantıların azalması və yeni biznes imkanlarının yaranması baxımından əhəmiyyətli olmuşdur. Bu yanaşma dairəvi iqtisadiyyat modelinin əsas prinsiplərini – “azalt, yenidən istifadə et, təkrar emal et” konsepsiyasını praktik müstəvidə əks etdirmişdir.
Müsabiqənin əsas məqsədi iştirakçıları ekoloji problemlərə innovativ və sistemli yanaşma ilə yanaşı, iqtisadi baxımdan da səmərəli həllər formalaşdırmağa təşviq etmək olmuşdur. Komandalar layihələrində texnoloji əsaslandırma, bazar potensialı və uzunmüddətli davamlılıq kimi amilləri nəzərə alaraq kompleks startap modelləri hazırlamışlar.
Müsabiqə müddətində iştirakçılar intensiv komanda işi şəraitində fəaliyyət göstərmiş, qısa zaman ərzində ideyalarını tətbiq oluna bilən layihə konsepsiyalarına çevirmişlər. Bu proses onların analitik düşünmə, innovativ yanaşma və ekoloji problemlərin həlli istiqamətində sistemli baxış bacarıqlarının inkişafına mühüm töhfə vermişdir.
Yekun mərhələdə komandalar layihələrini münsiflər heyətinə təqdim etmişlər. Qiymətləndirmə zamanı ideyaların innovativliyi, ekoloji və iqtisadi təsiri, tətbiq imkanları və bazar potensialı əsas meyarlar kimi nəzərə alınmışdır. Ən uğurlu layihələr seçilərək xüsusi qeyd olunmuş və iştirakçılara gələcək inkişaf üçün praktiki tövsiyələr verilmişdir.
“‘Tullantıdan Dəyərə’ – Dairəvi İqtisadiyyat Startap Müsabiqəsi” tələbələrin ekoloji məsuliyyətini gücləndirən, resursların səmərəli idarə olunmasına yönəlmiş innovativ həllər yaratmasına şərait yaradan və davamlı iqtisadi inkişafın təşviqinə töhfə verən mühüm təşəbbüslərdən biri kimi yadda qalmışdır.