Mingəçevir Dövlət Universitetinin Təbiət elmləri kafedrasının müəllimi Aysel Bayramova tərəfindən E-23 saylı qrup tələbələri üçün “Tullantıların idarə olunması” mövzusunda açıq dərs təşkil olunub.
Açıq dərsdə nəzəri biliklərin istehsalat təcrübəsi ilə inteqrasiyasını təmin etmək məqsədilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ) nümayəndəsi, aparıcı məsləhətçi Fərid Məlikov iştirak edib.
Dərs çərçivəsində RETSİ nümayəndəsi Fərid Məlikov tərəfindən “Təhlükəli tullantıların idarə olunmasında hüquqi rejim və dövlət nəzarəti” mövzusunda məruzə təqdim olunub. Məruzədə tullantıların idarə olunması sahəsində mövcud qanunvericilik bazası, dövlət standartları və ekoloji nəzarət mexanizmləri ətraflı şəkildə izah edilib.
Eyni zamanda, müəllim Aysel Bayramova tərəfindən “Tullantıdan dairəvi iqtisadiyyat modelində resurs kimi istifadə olunması” mövzusunda çıxış edilib. Çıxışda tullantıların səmərəli utilizasiyası, resurs effektivliyi və dairəvi (circular) iqtisadiyyatın ekoloji dayanıqlılığın təmin olunmasındakı rolu elmi əsaslarla tələbələrin diqqətinə çatdırılıb.
Müasir təlim metodlarına uyğun olaraq təşkil edilən açıq dərs interaktiv formatda davam edib, mövzu ətrafında geniş müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, bu cür açıq dərslərin keçirilməsi tələbələrin praktik biliklərinin artırılmasına, onların ekoloji məsuliyyət və davamlı inkişaf prinsipləri üzrə dünyagörüşünün formalaşdırılmasına mühüm töhfə verir.