Mingəçevir Dövlət Universiteti tələbələri üçün “Azərbaycan İES” MMC-də Alternativ enerji texnologiyaları üzrə təlim keçirilib

  • Рубрика записиEnergetika

Mingəçevir Dövlət Universiteti (MDU) ilə istehsalat müəssisələri arasında mövcud olan səmərəli əməkdaşlıq çərçivəsində tələbələrin praktiki biliklərinin artırılmasına yönəlmiş növbəti tədbir təşkil olunub. Bu çərçivədə Azərbaycan İES MMC-də universitet tələbələri üçün “Alternativ enerji texnologiyaları” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlim prosesi həm akademik, həm də praktiki yanaşmanı özündə birləşdirib. MDU-nun Energetika kafedrasının müəllimi Nigar Rzazadə alternativ enerji mənbələrinin müasir dünyadakı rolu, ekoloji üstünlükləri və bu sahədə müşahidə olunan qlobal trendlər barədə ətraflı məlumat verib.

Daha sonra Azərbaycan İES MMC-nin 1 nömrəli QTS-nin rəisi Məzahir Verdiyev sənaye müəssisələrində enerjidən səmərəli istifadə üsulları və tətbiq olunan texnoloji yeniliklər haqqında danışıb.

Təlim zamanı aşağıdakı məsələlərə xüsusi diqqət yetirilib:

  • Günəş, külək və biokütlə enerjisinin mənimsənilməsi yolları;
  • Azərbaycanda və regionda alternativ enerji texnologiyalarının tətbiqi perspektivləri;
  • İstilik elektrik stansiyalarında yanacaq balansının optimallaşdırılması və innovativ həllər.

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.