Mingəçevir Dövlət Universitetində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda elmi-praktiki seminar təşkil olunub. Seminarda universitetin Tarix müəllimliyi və Tarix ixtisaslarında təhsil alan tələbələr və akademik müəllim heyətinin nümayəndləri iştirak ediblər.
Tədbirdə çıxış edən universitetin hüquqşünası Polad Atayev tələbələrə korrupsiyanın mahiyyəti, ondan yayınma yolları, eləcə də antikorrupsiya davranış modelinin formalaşması və hüquqi mexanizmlər barədə geniş məlumat verib.
Daha sonra universitetin Tədrisin təşkili və idarə olunması şöbəsinin müdiri Şahin Maşayev çıxış edərək təhsildə şəffaflığın artırılması məqsədilə həyata keçirilən tədbirlər və göstərilən xidmətlərin təşkili haqqında fikirlərini iştirakçılarla bölüşüb.
Seminarın növbəti məruzəçisi, MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi Hüseyn Əsgərov korrupsiyaya qarşı mübarizə istiqamətində cəmiyyətin maarifləndirilməsinin əhəmiyyətindən bəhs edib.
İnteraktiv müzakirələr şəraitində davam edən seminar çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu cür elmi-praktiki tədbirlər tələbələrdə hüquqi düşüncə tərzinin formalaşdırılması, şəffaflıq prinsiplərinə sadiqliyin gücləndirilməsi və antikorrupsiya mədəniyyətinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.