Mingəçevir Dövlət Universitetinin tələbəsinin “Sınmayan iradə, üfüqdə parlayan işıq” kitabının təqdimat mərasimi keçirilib

Mingəçevir Dövlət Universitetində Ömürboyu Təhsil Məktəbinin qiyabi formada təhsil alan Nurməhəmməd İsmayıllının müəllifi olduğu “Sınmayan iradə. Üfüqdə parlayan işıq” adlı kitabın təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində tələbənin valideynləri, universitetin akademik və inzibati heyəti, tələbələr, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında çıxış edənlər kitabın məzmunu, ideya istiqaməti və gənclər üçün daşıdığı motivasiyaedici əhəmiyyət barədə fikirlərini bölüşüblər. MDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Natavan Namazova, Elmi Katib Səadət Ağakişiyeva, Ömürboyu Təhsil Məktəbinin direktoru Vəfa Məhərrəmova, dos. Namaz Manafov və müəllim İlham Məmmədov, eləcə də tələbənin valideyni müəllifin həyat yolu, qarşılaşdığı çətinliklər və əldə etdiyi uğurların gənclər üçün nümunəvi xarakter daşıdığını vurğulayıblar. Tədbirdə həmçinin, digər qonaqlar da çıxışlar edərək müəllifi təbrik edib, ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar.

Tədbir çərçivəsində müəllif Nurməhəmməd İsmayıllı çıxış edərək kitabın ərsəyə gəlmə prosesi, əsərin yazılmasına ilham verən amillər və oxuculara çatdırmaq istədiyi əsas mesajlar haqqında ətraflı məlumat verib. Çıxışının sonunda kitabın ərsəyə gəlməsində ona göstərilən dəstəyə görə universitet rəhbərliyinə, Ömürboyu Təhsil Məktəbinə və onu dəstəkləyənlərə öz təşəkkürünü bildirib. Onun səmimi və duyğusal çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd olunub ki, fiziki məhdudiyyətli olmasına baxmayaraq, Nurməhəmməd İsmayıllı öz əzmi, iradəsi və həyata bağlılığı ilə seçilərək uğur hekayəsinə çevrilib. Müəllifin təqdim olunan kitabı yalnız bədii əsər deyil, eyni zamanda cəmiyyət üçün motivasiya mənbəyi kimi dəyərləndirilib.

Sonda iştirakçılar tərəfindən müəllifə suallar ünvanlanıb, fikir mübadiləsi aparılıb və tədbir xoş təəssüratlarla başa çatıb.

Qeyd edək ki, bu kimi təşəbbüslər Mingəçevir Dövlət Universitetində inklüziv təhsilin inkişafına, tələbələrin yaradıcılıq potensialının dəstəklənməsinə və onların cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir.