Mingəçevir Dövlət Universitetində Azərbaycan dilçiliyinə həsr olunan ustad dərsi keçirilib

  • Рубрика записиPedaqogika

Mingəçevir Dövlət Universitetində Azərbaycan dilçiliyinin aktual məsələlərinə həsr olunan ustad dərsi təşkil olunub. Tədbir çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Təranə Nağıyeva tərəfindən “Tabeli mürəkkəb cümlə” mövzusunda ustad dərsi keçirilib.

Ustad dərsin əsas məqsədi tələbələrin sintaksis bölməsi üzrə nəzəri biliklərini dərinləşdirmək, onların dil faktlarını təhlil etmə bacarıqlarını inkişaf etdirmək və müasir dilçilik yanaşmaları ilə tanış etmək olub. Dərs zamanı tabeli mürəkkəb cümlələrin quruluşu, baş və budaq cümlələr arasındakı semantik və qrammatik əlaqələr, eləcə də bu cümlə tipinin müxtəlif növləri ətraflı şəkildə izah edilib.

Təranə Nağıyeva mövzunu sistemli və ardıcıl şəkildə təqdim edərək səbəb, məqsəd, şərt, zaman, nəticə və digər budaq cümlə növlərini konkret nümunələrlə şərh edib, onların formalaşma prinsiplərini və nitqdə işlənmə xüsusiyyətlərini diqqətə çatdırıb. Dərs prosesində nəzəri biliklərin möhkəmləndirilməsi məqsədilə müxtəlif mətnlər üzərində təhlillər aparılıb, tələbələr praktik tapşırıqlara cəlb olunub.

İnteraktiv mühitdə keçirilən ustad dərsdə tələbələrin fəallığı xüsusi qeyd olunub, onların sualları ətraflı şəkildə cavablandırılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. Bu isə dərsin daha səmərəli təşkilinə və mövzunun dərindən mənimsənilməsinə şərait yaradıb.

Qeyd edilib ki, bu kimi ustad dərslərin təşkili tələbələrin elmi dünyagörüşünün formalaşmasına, nəzəri biliklərinin praktik bacarıqlarla uzlaşdırılmasına və ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.