Ailə institutunda dəyişən rollar və psixoloji transformasiya: Mingəçevir Dövlət Universitetində psixologiyaya həsr edilmiş konfrans çərçivəsində panel müzakirələr keçirilib

  • Рубрика записиPedaqogika

2026-cı ilin 24 aprel tarixində Mingəçevir Dövlət Universitetində keçirilən “Psixologiyada multidisiplinar elmi tədqiqatlar” beynəlxalq konfransı çərçivəsində “Ailə münasibətlərində dəyişən rollar və nəticələr” mövzusunda panel müzakirələr təşkil olunub.

Panel Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun moderatorluğu ilə baş tutub. Müzakirələrdə ailə institutunun müasir dövrdə keçirdiyi transformasiyalar, sosial rolların dəyişməsi və bu dəyişikliklərin psixoloji nəticələri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Elnur Rüstəmov “Ailə institutunun psixoloji transformasiyası və müasir cəmiyyətdə dəyişən sosial rollar” mövzusunda çıxış edərək ailə münasibətlərinin dinamik xarakter aldığını, fərdi və ictimai faktorların bu prosesə təsirini diqqətə çatdırıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Elmar Hüseynov “Ailənin inkişaf mərhələlərində baş verən dəyişikliklərin psixoloji aspektləri” mövzusunda məruzəsində ailənin həyat dövrləri üzrə keçdiyi mərhələlərdə müşahidə olunan psixoloji dəyişiklikləri təhlil edib.

ADPU-nun Şəki filialının direktor müavini, dosent Nuralı Çələbiyev “Qloballaşan cəmiyyət və ailə: funksional və struktur dəyişmələrinin sosial-psixoloji səciyyəsi” mövzusunda çıxış edərək qloballaşma proseslərinin ailə institutuna təsirini, yeni sosial reallıqların formalaşdırdığı münasibət modellərini izah edib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun psixoloqu Ülkər Zalova Nuriyeva isə “Evlilik münasibətlərində həyat yoldaşlarının davranışlarının qavranılması və münasibətlərin keyfiyyəti” mövzusunda təqdimatla çıxış edərək ailədaxili ünsiyyətin və qarşılıqlı anlaşmanın münasibətlərin keyfiyyətinə təsirindən bəhs edib.

Panel çərçivəsində mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Müzakirələr ailə münasibətlərinin müasir çağırışlar fonunda daha dərindən öyrənilməsinin vacibliyini bir daha önə çıxarıb.