Mingəçevir Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə tələbələr üçün “Azərbaycanda məşğul əhalinin tərkibi və qeyri-formal məşğulluq mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Təhlil və strateji planlaşdırma departamentinin Təhlil şöbəsinin müdiri Mirsahib Eminov təqdimatla çıxış edib.
Seminarın əsas məqsədi iştirakçıları qeyri-formal məşğulluq anlayışı, onun hüquqi və sosial-iqtisadi nəticələri, eləcə də bu sahədə aparılan mübarizə tədbirləri barədə məlumatlandırmaq olub. Tədbir zamanı Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq əmək münasibətlərinin rəsmiləşdirilməsinin əhəmiyyəti, qeyri-formal məşğulluğun fərdlər və cəmiyyət üçün yaratdığı risklər, həmçinin bu halların qarşısının alınması istiqamətində həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat verilib.
Çıxışlarda vurğulanıb ki, əmək fəaliyyətinin rəsmi şəkildə həyata keçirilməsi və sahibkarlıq fəaliyyətinin qanunvericiliyə uyğun qeydiyyata alınması vətəndaşların sosial təminat hüquqlarının qorunması, gələcək məşğulluq imkanlarının genişlənməsi və dayanıqlı iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Mingəçevir Dövlət Universitetində tələbələrin əmək bazarı ilə bağlı maarifləndirilməsi, onların hüquqi biliklərinin artırılması və peşəkar inkişafına dəstək məqsədilə bu kimi tədbirlərin davamlı olaraq təşkili nəzərdə tutulur.