Mingəçevir Dövlət Universitetində (MDU) ekoloji dayanıqlılıq, biomüxtəlifliyin qorunması və praktiki ekoloji təhsilin təşviqi məqsədilə “Green Campus BioBlitz 2026” adlı biomüşahidə və tədqiqat tədbiri keçirilib. Universitetin “Green Campus” təşəbbüsü çərçivəsində təşkil olunan tədbirdə tələbələr, müəllimlər və ekoloji tədqiqatlara maraq göstərən iştirakçılar fəal şəkildə iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılar qruplara bölünərək təbii ərazilərdə flora, fauna və göbələk növlərinin müşahidəsini aparıblar. Sahə tədqiqatları zamanı müxtəlif bitki növləri, həşəratlar, amfibiyalar və digər canlı orqanizmlər qeydə alınıb, onların fotoşəkilləri çəkilərək ilkin identifikasiya prosesi həyata keçirilib. Eyni zamanda biomüxtəlifliyin ekosistem balansındakı rolu, təbii mühitin qorunmasının əhəmiyyəti və dayanıqlı yanaşmalar barədə iştirakçılara praktiki məlumatlar verilib.
Tədqiqat zamanı iştirakçılar çayətrafı və meşəlik ərazilərdə müşahidələr apararaq müxtəlif canlı növlərinin yayılma xüsusiyyətlərini öyrəniblər. Tədbirdə tələbələr tərəfindən sahə qeydləri hazırlanıb, canlı növlərinin davranış xüsusiyyətləri müşahidə olunub və biomüxtəliflik üzrə ilkin məlumat bazasının formalaşdırılması istiqamətində məlumatlar toplanıb.
Sahə müşahidələri zamanı müxtəlif həşərat növləri, göbələklər, ağac və ot bitkiləri, su hövzələrində yaşayan canlılar, eləcə də təbii landşaft elementləri sənədləşdirilib. İştirakçılar xüsusi optik müşahidə vasitələrindən istifadə etməklə təbiət müşahidələri aparıblar. Tədbir həm ekoloji maarifləndirmə, həm də tələbələrin praktik tədqiqat bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.
“Green Campus BioBlitz 2026” tədbiri universitetdə ekoloji düşüncə tərzinin formalaşdırılması, tələbələrin təbiət yönümlü tədqiqatlara cəlb olunması və dayanıqlı inkişaf məqsədlərinə uyğun fəaliyyətlərin genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərin mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
MDU-da həyata keçirilən bu cür təşəbbüslər universitetin ekoloji dayanıqlılıq, yaşıl kampus idarəçiliyi və biomüxtəlifliyin qorunması sahəsində beynəlxalq yanaşmalara inteqrasiyasına xidmət edir.