TÜRKOLOGİYAYA  YENİ   TÖHFƏ

  • Рубрика записиMSU News

      Son illər ölkəmizin elmi həyatında diqqətçəkən bir həqiqət var:  uğurlar artıq ayrı – ayrı təşəbbüslərlə deyil, bütöv elmi mühitin yüksəlişi ilə ölçülür Bu yüksəliş özünü həm universitetlərdə, həm də elmi-tədqiqat institutlarında aydın şəkildə göstətir.

    Bu baxımdan Mingəçevir Dövlət Universitetinin son dövrlərdə qazandığı nailiyyətlər xüsusi qeyd olunmalıdır. Rektor Anar Eminovun rəhbərliyi ilə universitetin nüfuzu artmış, yeni layihələr həyata keçirilmiş, mühüm uğurlar əldə edilmişdir. Bu gün MDU sözün həqiqi  mənasında özünün yüksəliş mərhələsini yaşayır.

    Bənzər inkişafı AMEA Nəsimi adına Dilçilik İnstitutunun fəaliyyətində də görürük. Professor Nadir Məmmədlinin direktor kimi  fəaliyyəti dövründə institutda elmi dinamika artmış, mühüm nəşrlər işıq üzü görmüşdür. O cümlədən, “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”, Xalid Səid Xocayevin tərcüməsində Mahmud Kaşğarinin dördcildlik “Divanü Lüğət it-türk” əsərinin nəşri, üçcilidlik “ Türk sözlərinin arxaik lüğəti” kimi fundamental tədqiqatlar və nəhayət, professor Nadir Məmmədlinin bu il çapdan çixmış ” 1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabı bu yüksəlişin bariz göstəriciləridir.

    Nadir Məmmədlinin bu kitabı  türkoloji fikrin inkişafında mühüm mərhələ sayılan 1926-ci il I Türkoloji Qurultayın tarıxı əhəmiyyətini  arxiv sənədləri və dövrün milli mətbuatı əsasında ardıcıllıqla, ətraflı şəkildə təqdim edir.

   Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunmuş  860 səhifəlik bu kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru akademik Nizami Cəfərov, rəyçisi  Türk dil Qrumunun başqanı professor Osman Mertdir.

   Kitabın ilk səhifəsində Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında 22 oktyabr 2025-ci il tarixli sərəncamı öz əksini tapır.

 “ Elm və təhsil” nəşriyyatında yüksək keyfiyyətlə çap olunmuş bu qiymətli kitab  bizi sadəcə tarıxlə taniş etmir, necə deyərlər, elmi yaddaşı bərpa edir.

Kitabın elmi yeniliyi:-

  • I Türkoloji Qurultayın yenidən sistemli şəkildə araşdırılması
  • Sənədlərin, faktların, iştirakçıların yenidən təqdim edilməsi.
  • Türkoloji fikir tarixinin bərpası
  • Gənc nəsil üçün elmi mənbə rolunu oynaması

     Professor Nadir Məmmədlinin bu kitabı türkoloji elmin tarixini gələcəyə bağlayan körpüdür.

     Niyə bu kitab yeni uğurdur, türkologiyaya yeni töhfədir.

Çünki professor Nadir Məmmədlinin kitabında:

-Türkoloji irs yenidən gündəmə gətirilir

-Milli humanitar elmlərin davamlı inkişafına xidmət edir

-Elmi yaddaş bərpa olunur

-Yeni tədqiqatlara stimul verilir.

     Bu əsər təkcə keçmişi xatırlatmaq üçün deyil, gələcək türkoloji tədqiqatların istiqamətini göstərmək üçün yazılıb.

        Müəllif göstərir ki, türkologiya yalnız akademik sahə deyil – bu, mədəni birlik və kimlik məsələsidir; türk xalqlarının ortaq elmi irsi, ortaq mədəni yaddaşı, ortaq gələcəyidir.

        Professor Nadir Məmmədlinin təqdim olunan bu kitabi “Giriş”, 3 fəsil ( 12 paraqraf) və ədəbiyyat siyahısından ibarətdir.

     Müəllif “Giriş”də qeyd edir ki, bu kitab həmin günlərin nəfəsini, o salondakı səslərin titrəyişini, tribunadan səslənən hər bir fikrin ardında gizlənən tarıxi yükü anlamaq üçün yazılıb… 1926-cı ilin Bakısı təkcə bir məmləkətin paytaxtı deyil, bütöv türk dünyasının güzgüsü idi.

    İstedadlı tədqiqatçı yazır ki, Bakı şəhəri XX əsrın əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji qurultaya ev sahibliyi etmişdir.

      Kitabın birinci fəsili “ I Türkoloji Qurultay: Tarıxi zəmində” adlanır. Bu fəsil “Qurultayın siyası və elmi əsasları”, “Əlifba məsələsi”, “Yazı-orfoqrafiya problemləri”, “Terminologiya məsələsi”, “Türk dillərinin ədəbi dil məsələləri, o cümlədən ortaq ədəbi dil”, “Tədris metodologiya məsələləri” adlı 6 paraqrafdan ibarətdir. Burada əsas məruzə və çıxışların mətnləri, müzakirə olunan məsələlərin protokolları, müvafiq komissiyaların sənədləri yer alır.

      Bu fəsildə müəllifin məqsədi təkcə hadisələri ardıcıllıqla əks etdirmək deyil, eyni zamanda bunun arxasında dayanan tarıxı- siyası məzmunu, ideoloji istiqamətləri analitik şəkildə açıqlamaqdır. Məsələn, “Əlifba məsələsi” adlı paraqrafda professor Nadir Məmmədli göstərir ki, Sovet rəhbərliyinin latın qrafikasına keçidi təşviq etməsi, ilk baxışda, Türkiyənin islahat xətti ilə paralel görünürdü., lakin bu, mahiyyətcə tamam fərqli ideoloji bazalara söykənmişdi. Moskva üçün  latın qrafikası türk xalqlarını ərəb-islam mədəniyyət çevrəsindən uzaqlaşdırmaq və gələcəkdə Kiril əlifbasına keçid üçün mərhələ yaratmaq vasitəsi idisə, Türkiyə üçün latın qrafikası modern millət quruculuğu və Qərbə inteqrasiyanın rəmzi idi.

    Müəllifin diqqətə çatdırdığı maraqlı məsələlərdən biri də II Türkoloji Qurultay məsələsidir. O qeyd edir ki, qurultayda növbəti toplantinin Səmərqənddə keçirilməsi qərara alınsa da, sonrakı proseslər bunun zəruriliyini aradan qaldırmışdır. Cünki əlifba məsələsi artıq Bakıda keçirilən I Türkoloji Qurultayda əsasən həll edilmiş, türk xalqlarının latın qrafikasına keçməsi istiqamtində mühüm qərarlar qəbul olunmuşdur. Müəllif bu faktı II qurultayın keçirilməsi ideyasının zamanla aktuallığını itirməsi kimi qiymətləndirir.

    Professor Nadir Məmmədlinin kitabında yer alan sənədlər və araşdırmalar həmin dövrün ictimai-siyasi və elmi mühitini  dolğun səkildə anlamağa imkan yaradır.

     Kitabın ikincı fəsili “Türkoloji qurultay: arxiv sənədlərində” adlanır. Bu fəsildə  arxiv sənədlərinin xronoloji transkripsiyası, seçmə tərcümələr və şərhlər  verilmişdir.

    Professor Nadir Məmmədli Birinci Türkoloji Qurultay haqqında 100 il heç kimin demədiyi fikirləri ortaya qoymuşdur. O, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyası Sənədlər Arxivində I Ümumittifaq Türkoloji Qurultayın tarixinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyətə malik məxfi sənədlər aşkar etmiş, bu sənədlər üzərində işləmişdir.

   Müəllif Respublikamızın arxivlərində qorunub saxlanan, Birinci Türkoloji qurultaya dair məxfi, tam məxfi və adi sənədləri, habelə qurultayla bağlı məktubları, protokolları, teleqramları ilk dəfə olaraq elmi ictimaiyyətin istifadəsinə təqdim etmişdir.

      Burada I Ümumittifaq Türkoloji qurultayın çağırılması barədə İ.Stalinə göndərilmiş teleqramlar,  VKP(b) MK-nın bu barədə qərarları,  SSRİ üzrə qurultayla bağlı stenoqrafik hesabatlar, bölmə içlaslarında çıxışlar və qurultaya aid digər sənədlər toplanmışdır. Materialların hamısı möhürlə təsdiqlənmışdır. Bu, arxiv sənədlərinin rəsmi olaraq Moskva və Bakı partiya strukturlarında nəzarətdə olduğunun sübutudur.

     Bəzi sənədlərin üzərində “Oxunandan sonra yandırın” qeydi yer alıb. Yorulmaz tədqiqatçı alim N. Məmmədli sözügedən materialı məhz göndərildiyi qurumun -Mərkəzi Komitənin Məxfi 6-cı Şöbəsinə məxsus qovluqda aşkar etmişdir.

   Filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin kitabının III fəsli “ I Türkoloji qurultay: Milli mətbuatda” adlanır. Bu fəsilin 5 paraqrafı var: “İnformasiya mənbələrində”, “Yeni yol” qəzeti”, “Bakinskiy raboçiy”, “Kommunist” qəzetı”, “Yeni fikir” qəzeti”.

        Müəllif qeyd edir ki, o dövrdə qəzet və jurnal redaksiyalari qurultayın gündəmini oxucuya çatdırmaq üçün böyük zəhmət sərf etmiş, məruzələrin  mahiyyətini və çıxışçıların fikirlərini diqqətlə işıqlandırmışdır.

         Nadir Məmmədli kitabın III fəsilində yazır: Doğrudur, qurultayla bağlı zaman-zaman tədqiqatlar aparılsa, kitablar, məqalələr yazılsa, konfranslar keçirilsə də Azərbaycan mətbuatının bu tarıxı toplantıdakı fəaliyyəti lazımi səviyyədə araşdırılmamışdır.

         Kitabın sonunda zəngin ədəbiyyat siyahısı verilmişdir. Tədqiqatçı qiymətli  arxiv materiallarından, Azərbaycan dilində, türk dilində, rus dilində yazılmış elmi ədəbiyyatlardan istifadə etmiş, yuxarıda qeyd etdiyiçiz kimi, yüz il heç kimin demədiyi fikirləri ortaya qoymuşdur.

        Çəkinmədən demək olar ki, bu kitabın nəşri yalnız bir elmi hadisə deyil, Azərbaycan türkoloji məktəbinin  növbəti uğurudur, türkologiyaya verilən yeni töhfədir.

    Professor Nadir Məmmədlini ürəkdən təbrik edir, bu əsərin türkoloji elmdə uzunömürlü olacağına inanırıq.

Namaz MANAFOV

Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru