Mingəçevir Dövlət Universitetində elmi tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və akademik heyətin statistik təhlil imkanlarının gücləndirilməsi məqsədilə “SPSS-ə giriş” mövzusunda təlim keçirilib.
MDU-nun Elmi tədqiqat və innovasiya şöbəsinin təşkilatçılığı ilə baş tutan təlim universitet əməkdaşları üçün nəzərdə tutulub. Təlim onlayn formatda “Zoom” platforması üzərindən Muğla Sıtkı Koçman Universitetinin professoru Savaş Artuğerin təqdimatında təşkil olunub.
Təlim zamanı iştirakçılara elmi tədqiqatlarda statistik təhlillərin aparılması üçün geniş istifadə olunan SPSS proqramının əsas imkanları, məlumatların daxil edilməsi və emalı, statistik təhlil üsulları, nəticələrin şərhi və proqramın tədqiqat prosesində tətbiqi ilə bağlı nəzəri və praktiki məlumatlar təqdim edilib.
İnteraktiv formada keçirilən təlim çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, SPSS proqramından elmi fəaliyyətin keyfiyyətinin artırılmasında səmərəli istifadə imkanları müzakirə olunub.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində elmi tədqiqat potensialının gücləndirilməsi, akademik heyətin müasir rəqəmsal alətlərdən istifadə bacarıqlarının artırılması və tədqiqat əsaslı universitet modelinin inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.