Mingəçevir Dövlət Universitetində təhlükəli tullantıların idarə olunması mövzusunda təlim keçirilib

  • Рубрика записиMSU News

Mingəçevir Dövlət Universitetində ekoloji təhlükəsizliyin təmin edilməsi, dayanıqlı inkişaf prinsiplərinin təşviqi və ətraf mühitin mühafizəsi sahəsində maarifləndirmə tədbirlərinin gücləndirilməsi məqsədilə “Təhlükəli tullantıların idarə olunması” mövzusunda təlim təşkil olunub.

Tədbirin açılışında təhlükəli tullantıların düzgün idarə olunmasının insan sağlamlığının qorunması, ətraf mühitə mənfi təsirlərin azaldılması və dayanıqlı kampus mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulanıb. Bildirilib ki, müasir universitetlər yalnız təhsil və tədqiqat fəaliyyəti ilə deyil, həm də ekoloji məsuliyyət və yaşıl idarəetmə prinsiplərinin tətbiqi ilə seçilməlidirlər.

Təlim çərçivəsində iştirakçılara təhlükəli tullantıların növləri, onların mənbələri, toplanması, çeşidlənməsi, müvəqqəti saxlanılması, daşınması və utilizasiyası ilə bağlı milli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübələr barədə ətraflı məlumat verilib. Həmçinin kimyəvi maddələr, istifadə müddəti bitmiş batareyalar, elektron tullantılar, floresan lampalar və digər təhlükəli tullantıların düzgün idarə olunması qaydaları izah edilib.

Təlim zamanı təhlükəli tullantılarla işləyərkən əməyin mühafizəsi və təhlükəsizlik tədbirləri, fövqəladə hallarda davranış qaydaları, risklərin qiymətləndirilməsi və tullantıların ətraf mühitə təsirlərinin minimuma endirilməsi məsələləri də diqqət mərkəzində olub.

İnteraktiv müzakirələr şəraitində keçirilən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, universitetdə təhlükəli tullantıların idarə olunması sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib.