Mingəçevir Dövlət Universitetində Dayanıqlı Enerji, Tullantı və Karbon İdarəetmə Mərkəzi yaradılıb

  • Рубрика записиMSU News

Mingəçevir Dövlət Universitetində yaşıl kampus yanaşmasının gücləndirilməsi, ekoloji məsuliyyət mədəniyyətinin formalaşdırılması və dayanıqlı inkişaf prinsiplərinin universitet mühitində daha sistemli şəkildə tətbiqi məqsədilə “Dayanıqlı Enerji, Tullantı və Karbon İdarəetmə Mərkəzi” yaradılıb.

Mərkəzin yaradılması ilə bağlı qərar Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2026-cı ilin 20 may tarixli iclasında qəbul olunub. Qərarda “Dayanıqlı Enerji, Tullantı və Karbon İdarəetmə Mərkəzi”nin təsis edilməsi ekoloji davamlılıq və yaşıl inkişaf istiqamətində atılan mühüm addım kimi qiymətləndirilib.

Yeni yaradılan mərkəz universitetdə enerji resurslarından səmərəli istifadə, tullantıların düzgün idarə olunması, karbon izinin azaldılması, ekoloji maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi və yaşıl düşüncə tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Mərkəzin fəaliyyəti MDU-da dayanıqlı idarəetmə mexanizmlərinin inkişafına, kampus mühitində ekoloji davranış vərdişlərinin formalaşdırılmasına və tələbə-gənclərin yaşıl təşəbbüslərə daha fəal cəlb olunmasına imkan yaradacaq.

Mərkəz çərçivəsində enerji sərfiyyatının izlənilməsi, tullantıların çeşidlənməsi və idarə olunması, karbon emissiyalarının azaldılması istiqamətində təşəbbüslərin dəstəklənməsi, ekoloji təlim və maarifləndirmə tədbirlərinin təşkili, həmçinin tələbələrin dayanıqlı inkişaf yönümlü layihələrdə iştirakının təşviq edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti son illərdə yaşıl kampus, dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik və sosial məsuliyyət istiqamətlərində ardıcıl fəaliyyətlər həyata keçirir. Universitetdə belə bir mərkəzin yaradılması bu istiqamətdə görülən işlərin institusional əsasda davam etdirilməsinə, resurslardan məsuliyyətli istifadənin təşviqinə və ekoloji idarəetmə mədəniyyətinin daha da gücləndirilməsinə xidmət edir.