Mingəçevir Dövlət Universiteti və Hacettepe Universiteti arasında idman elmləri və su idmanları üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib

2026-cı ilin 3 iyul tarixində Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfərləri çərçivəsində Ankara şəhərində yerləşən Hacettepe Universitetində olub.

Səfərin əsas məqsədi Mingəçevir Dövlət Universiteti ilə Hacettepe Universiteti arasında akademik əməkdaşlıq imkanlarının genişləndirilməsi, idman elmləri və su idmanları istiqamətində yeni tədris təşəbbüslərinin formalaşdırılması, bu sahədə Hacettepe Universitetinin təcrübəsinin öyrənilməsi və gələcək birgə fəaliyyət planının müzakirə edilməsi olub.

Hacettepe Universitetində keçirilən görüşdə MDU-nun nümayəndə heyətini universitetin rektoru Prof. Dr. Mehmet Cahit Güran qəbul edib. Görüş zamanı tərəflər ali təhsildə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, akademik təcrübə mübadiləsinin genişləndirilməsi, yeni ixtisas və proqramların əmək bazarının tələblərinə uyğun hazırlanması, həmçinin universitetlər arasında daha geniş tərəfdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Müzakirələrdə Mingəçevir şəhərinin su hövzəsi potensialı, Kür çayı və Mingəçevir su anbarının yaratdığı təbii imkanlar nəzərə alınmaqla MDU-da idman elmləri və su idmanları sahəsində yeni akademik istiqamətlərin inkişaf etdirilməsi məsələsinə xüsusi diqqət ayrılıb. Qeyd olunub ki, bu istiqamət yalnız yeni ixtisas və tədris imkanlarının yaradılması baxımından deyil, həm də sağlam həyat tərzinin təşviqi, tələbələrin fiziki rifahının gücləndirilməsi, dayanıqlı kampus mədəniyyətinin formalaşdırılması və regionun sosial-iqtisadi inkişafına töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Görüş zamanı Hacettepe Universitetinin bu sahədə akademik və praktiki təcrübəsindən istifadə imkanları, müvafiq proqramların hazırlanması üçün ilkin addımlar, tədris planlarının formalaşdırılması, ekspert dəstəyinin göstərilməsi və gələcəkdə birgə fəaliyyət mexanizmlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində MDU-nun nümayəndə heyəti Hacettepe Universitetinin Spor Bilimleri Fakültesində də olub. Fakültənin tədris və praktiki imkanları, idman avadanlıqları, təlim-məşq infrastrukturu və tətbiqi tədris mühiti ilə tanışlıq zamanı idman elmləri üzrə müasir yanaşmalar, tələbələrin praktik hazırlığı, sağlam həyat və aktiv kampus modelinin qurulması ilə bağlı təcrübə öyrənilib.

Fakültə rəhbərliyi və akademik heyətlə aparılan müzakirələrdə MDU-da idman elmləri və su idmanları istiqamətində görülə biləcək işlər, tədris prosesinin təşkili üçün zəruri akademik və infrastruktur tələblər, eləcə də gələcək əməkdaşlıq formatları nəzərdən keçirilib. İlkin razılığa əsasən, Hacettepe Universitetinin müvafiq sahə üzrə mütəxəssislərinin Mingəçevir Dövlət Universitetinə səfəri, mövcud imkanlarla yerində tanış olması və yeni istiqamətin inkişafı üçün təkliflər paketi hazırlaması məqsədəuyğun hesab edilib.

Hacettepe Universitetinin rəhbərliyi görüş zamanı yalnız idman elmləri və su idmanları sahəsində deyil, digər akademik istiqamətlər üzrə də MDU ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Tərəflər gələcəkdə birgə tədris təşəbbüsləri, akademik mobillik, təcrübə mübadiləsi, birgə layihələr və institusional tərəfdaşlıq imkanlarının inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, səfər MDU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, Mingəçevirin təbii və regional üstünlüklərinə əsaslanan yeni akademik imkanların yaradılması, sağlam və dayanıqlı kampus yanaşmasının gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib.