Mingəçevir Dövlət Universitetindəm “Əmək Qanunvericiliyi və İş Hüquqları” mövzusunda təlim keçirilib

  • Рубрика записиMDU xəbərləri

11 mart 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə tələbələrin hüquqi maarifləndirilməsi məqsədilə “Əmək Qanunvericiliyi və İş Hüquqları” mövzusunda təlim təşkil olunmuşdur. Təlimi Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Hüseyn Əsgərov aparmışdır. Tədbirdə universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələr iştirak etmiş və əmək hüquqları ilə bağlı aktual məsələlər barədə məlumat əldə etmişlər.

Təlim zamanı əmək münasibətlərinin hüquqi əsasları, əmək qanunvericiliyinin əsas prinsipləri və işçi ilə işəgötürən arasında yaranan hüquqi münasibətlərin tənzimlənməsi məsələləri geniş şəkildə izah olunmuşdur. Hüseyn Əsgərov çıxışında qeyd etmişdir ki, müasir əmək bazarında gənclərin öz hüquq və vəzifələrini bilməsi olduqca vacibdir. Bu baxımdan əmək müqaviləsinin bağlanması qaydaları, əmək müqaviləsinin növləri, işə qəbul zamanı tələb olunan hüquqi prosedurlar və əmək münasibətlərinin rəsmiləşdirilməsinin əhəmiyyəti tələbələrə ətraflı şəkildə izah edilmişdir.

Təlim çərçivəsində iş vaxtı və istirahət vaxtının tənzimlənməsi, məzuniyyət hüquqları, əmək haqqının ödənilməsi qaydaları, işçilərin sosial müdafiə mexanizmləri, həmçinin iş yerlərində təhlükəsizlik və əmək mühafizəsi məsələləri haqqında da məlumat verilmişdir. Bundan əlavə, əmək münasibətlərində yarana biləcək mübahisələrin hüquqi yollarla həlli, işçilərin hüquqlarının müdafiəsi mexanizmləri və dövlət qurumlarının bu sahədə rolu haqqında da geniş izahat təqdim olunmuşdur.

Təlim interaktiv müzakirə şəraitində keçmiş, tələbələr əmək münasibətlərində qarşılaşa biləcəkləri real situasiyalarla bağlı suallar vermiş və onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Müəllim tərəfindən praktik nümunələr və real əmək münasibətlərindən götürülmüş halların təhlili tələbələrin mövzunu daha yaxşı mənimsəməsinə imkan yaratmışdır.

Sonda belə maarifləndirici təlimlərin keçirilməsinin tələbələrin hüquqi biliklərinin artırılmasında, onların gələcək peşə fəaliyyətində əmək münasibətlərini düzgün qurmasında və öz hüquqlarını müdafiə etməsində mühüm rol oynadığı vurğulanmışdır. Tələbələr də öz növbəsində təlimin faydalı və maarifləndirici olduğunu qeyd edərək bu kimi tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini bildirmişlər.