Gənclərin sosial innovasiya meydanı: Mingəçevir Dövlət Universitetində “Universitet Kuboku 2026” uğurla keçirilib

  • Рубрика записиMDU xəbərləri

2026-cı ilin 2 aprel tarixində Mingəçevir Dövlət Universitetinin Enactus komandası tərəfindən təşkil olunan “Universitet Kuboku 2026” yarışı uğurla baş tutub.

Dayanıqlı İnkişaf Məqsədlərinin prinsiplərinə uyğun olaraq təşkil edilən yarışın əsas məqsədi tələbələr arasında sosial sahibkarlığın təşviqi, innovativ düşüncənin inkişafı və cəmiyyətə dəyər yaradan layihələrin dəstəklənməsi olub.

Tədbirin açılış mərasimində universitetin Sosial məsələlər üzrə rektor müşaviri Elvin Məmmədzadə, ASAN İnkişaf Mərkəzinin Layihələrin idarə edilməsi departamentinin direktor müavini Zinəddin Babayev və Enactus MDU-nun prezidenti Elşad Əmrahov çıxış edərək bu cür təşəbbüslərin gənclərin liderlik bacarıqlarının formalaşmasında, sosial məsuliyyət hissinin gücləndirilməsində və dayanıqlı inkişaf gündəliyinə töhfə verilməsində mühüm rol oynadığını vurğulayıblar.

Yarış çərçivəsində iştirakçı komandalar tərəfindən sosial və innovativ yönümlü layihələr təqdim olunub, ümumilikdə 17 layihə üzrə çıxışlar dinlənilib. Təqdim edilən layihələr sosial inklüzivlik, ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə və icma əsaslı həllər kimi müxtəlif istiqamətləri əhatə edib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən “Nova” layihəsi I yerə, “Mexaniklər” komandası II yerə, “Helpify” komandası isə III yerə layiq görülüb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin sosial innovasiya ekosistemində fəal iştirakının təmin edilməsi, onların praktik bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verən təşəbbüslərin təşviqi istiqamətində bu kimi layihələrin icrası davam etdirilir.