Mingəçevir Dövlət Universitetində “Universitetdaxili etik kodeks və intizam mexanizmi qaydalarını təkmilləşdirmək” mövzusunda maarifləndirici tədbir uğurla baş tutub.
Ənənəvi mühazirə formatından fərqli olaraq, tədbir Sevinc Səmədovanın təqdimatında interaktiv debat və diskussiya şəklində təşkil olunub. Təqdimatda etik normaların yalnız formal qaydalar deyil, məlumatdan bilik və müdrikliyə (Data–Knowledge–Wisdom) aparan daxili mədəniyyətin əsas elementi olduğu vurğulanıb.
Tədbirdə universitetin hüquqşünası Polad Atayev və Pedaqogika və psixologiya kafedrasının müəllimi Faiq Yusifli çıxış edərək mövzunun hüquqi, eləcə də pedaqoji-psixoloji aspektlərinə aydınlıq gətiriblər. Tələbələrin fəal iştirakı ilə keçən müzakirələrdə universitetdaxili nizam-intizamın fərdi inkişafda rolu, həmçinin akademik dürüstlük prinsipləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Real situasiyalar (keyslər) əsasında qurulan debat tələbələrdə etik dilemmlar zamanı düzgün qərarvermə bacarıqlarının inkişafına şərait yaradıb.
Qeyd edək ki, bu kimi təşəbbüslər universitetdə şəffaf, nizamlı və yüksək etik dəyərlərə əsaslanan akademik mühitin formalaşdırılmasına xidmət edir.