Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Mingəçevir SES-ə ekskursiyası edib

  • Рубрика записиMDU xəbərləri

16 oktyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mexanika kafedrasının Sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəsi Mingəçevir Su Elektrik Stansiyasına (SES) ekskursiya ediblər. Bu ekskursiya, kafedranın fəaliyyət planına uyğun olaraq, Universitet-Sənaye işbirliyi çərçivəsində təşkil olunmuşdur və tələbələrə nəzəri biliklərini real sənaye mühiti ilə əlaqələndirmək imkanı verir.

Ekskursiya zamanı Mingəçevir SES-in texniki şöbə rəisi Əli İbrahimli və MDU-nun Mexanika kafedrasının müdiri Mahir İsmayılov tələbələrə SES-in tarixi, onun fəaliyyət prinsipləri və ölkənin enerji təchizatında oynadığı mühüm rol barədə geniş məlumat verdilər. Onlar həmçinin Mingəçevir SES-in Azərbaycanın enerji sektorundakı strateji əhəmiyyəti, texniki imkanları və ekoloji cəhətdən təmiz enerji istehsalında göstərdiyi töhfələr barədə danışıblar.

Tələbələr Mingəçevir SES-dəki fəaliyyətlə yaxından tanış olduqdan sonra stansiyanın iş mexanizmləri və texniki təchizatı haqqında sualları texniki əməkdaşlar tərəfindən ətraflı şəkildə cavablandırılıb, SES-in enerji istehsal prosesinin müxtəlif mərhələləri tələbələrə əyani olaraq göstərilıb.

Ekskursiyanın sonunda tələbələr göstərilən diqqət və yaradılan şəraitə görə Mingəçevir SES-in rəhbərliyinə, eləcə də bu təcrübə imkanını təmin edən MDU-nun rəhbərliyinə təşəkkürlərini bildiriblər. Bu cür ekskursiyalar tələbələrin peşəkar inkişafına dəstək olmaqla yanaşı, onların gələcək mühəndislik fəaliyyətlərində əvəzsiz təcrübə qazanmalarına şərait yaradır.

Qeyd edək ki, bu kimi ekskursiyalar Mingəçevir Dövlət Universitetinin sənaye ilə işbirliyinin uğurlu nümunəsi olmaqla, tələbələrin nəzəri biliklərini praktik təcrübə ilə birləşdirmək istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilir.