Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələrinə “Özünü kəşf et” mövzusunda təlim keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri üçün Gənclər Evində “Özünü kəşf et” mövzusunda maraqlı və maarifləndirici bir təlim təşkil edilib. Təlim, MDU-nun müəllimi və təlimçi Babək Hüsüyevin təqdimatında keçirilib. Təlimin məqsədi gənclərə öz bacarıqlarını, istedadlarını, dəyərlərini və maraqlarını kəşf etmək üçün praktiki üsul və taktikalar haqqında geniş bilik vermək olub.

Təlim müddətində iştirakçılara özünükəşf prosesinin əsas mərhələləri izah edilib və onlar üçün yeni perspektivlər açacaq yanaşmalar müzakirə olunub. Babək Hüsüyev, iştirakçılarla interaktiv ünsiyyət quraraq, onların fərdi suallarını cavablandırıb və gənclərə şəxsi və peşəkar inkişafları üçün qiymətli tövsiyələr verib.

Təlim zamanı tələbələr öz maraqlarına uyğun suallar verərək, öz bacarıqlarını daha yaxşı başa düşmək və gələcək karyera yollarını müəyyən etmək üçün vacib məlumatlar əldə ediblər. Təlimin sonunda iştirakçılar bu təcrübənin öz inkişaflarına müsbət təsir edəcəyini vurğulayıblar. Qeyd edək ki, təlim “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi və Mingəçevir Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbir tələbələrin özünəinamını artırmaq və gələcək uğurlarına zəmin yaratmaq məqsədilə həyata keçirilib.