Mingəçevir Dövlət Universitetində nəqliyyatda təhlükəsizlik mövzusunda ustad dərs keçirilib

  • Рубрика записиMexanika

Mingəçevir Dövlət Universitetində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təlim texnologiyalarının tətbiqinin genişləndirilməsi və gələcək mütəxəssislərin peşəkar kompetensiyalarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlər davam etdirilir.

Bu istiqamətdə növbəti tədbir MDU-nun Mühəndislik fakültəsi və Mexanika kafedrasının birgə təşkilatçılığı ilə keçirilən ustad dərs olub. Ustad dərs Azərbaycan Texniki Universitetinin dosenti, texnika üzrə fəlsəfə doktoru Əlləz Hacıəhməd oğlu Əliyev tərəfindən “Nəqliyyatda təhlükəsizlik, yol infrastrukturunun genişləndirilməsi” mövzusunda təqdim edilib.

Əsasən “Nəqliyyat mühəndisliyi” ixtisasının I və II kurs tələbələrini əhatə edən dərsin məqsədi tələbələrin ixtisas üzrə nəzəri biliklərinin praktik tətbiq imkanlarını genişləndirmək, onların nəqliyyat təhlükəsizliyi, yol infrastrukturu və mühəndis yanaşması barədə peşəkar təsəvvürlərini zənginləşdirmək olub.

Ustad dərs zamanı nəqliyyat mühəndisliyi sahəsində praktik biliklərin əhəmiyyəti, müasir təlim metodlarının tətbiqi və tələbəyönümlü yanaşmanın üstünlükləri barədə məlumat verilib. Əlləz Əliyev nəqliyyatda təhlükəsizlik məsələləri, statistik məlumatların təhlili, yol-nəqliyyat hadisələrinin yaranma səbəbləri və bu səbəblərin aradan qaldırılması yolları barədə geniş izahlar verib.

Tədbir tələbələrin nəqliyyat mühəndisliyi sahəsinə marağının artırılması, onların gələcək peşə fəaliyyətinə daha məsuliyyətli yanaşmasının formalaşdırılması baxımından faydalı olub. Ustad dərsin sonunda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində müxtəlif ixtisaslar üzrə tədrisin praktik komponentlərinin gücləndirilməsi, tələbələrin sahə üzrə peşəkarlarla birbaşa ünsiyyət imkanlarının artırılması və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilir.