MDU və Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

2025-ci ilin 8 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Özbəkistan Respublikasının Səmərqənd Dövlət Universiteti arasında qurulmuş əməkdaşlığa uyğun icra edilən layihəsi çərçivəsində növbəti fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə onlayn görüş keçirilib.

Görüşdə tərəflər arasında birgə əməkdaşlığın inkişafı, yeni fəaliyyət planının hazırlanması və “İnkişaf Yol Xəritəsi”nin müzakirəsi aparılıb. Müzakirələr zamanı fizika, ekologiya, biologiya, informasiya texnologiyaları və xarici dillər istiqamətlərində tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, eləcə də ixtisasartırma və təcrübə proqramlarının təşkili məsələlərinə toxunulub.

Bununla yanaşı, elmi tədqiqat layihələrinin birgə işlənməsi, elmi məqalələrin hazırlanması, doktorant və dissertantlara elmi rəhbərlik, həmçinin birgə konfransların, seminarların və “master-klass”ların təşkili imkanları da müzakirə olunub.

Onlayn görüşdə MDU-nu Beynəlxalq əməkdaşlıq ofisinin rəhbəri Samirə Əhmədova, Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva, Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Qurban Qurbanzadə təmsil ediblər.

Səmərqənd Dövlət Universiteti tərəfindən görüşdə prorektor Akmal Axatov, Eldor Kurtaliyev, Fahriddin İsmayılov, Sanjar Tillaev, Ziyadulla Qaniyev və Dilşod Oblokulov iştirak ediblər.

Görüşdə çıxış edən Dr. Akmal Axatov qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verib, gələcək fəaliyyət planının reallaşdırılması üçün növbəti görüşdə müvafiq müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə çıxış edən A.Axatov iki ali təhsil müəssisəsi arasında əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. O, əməkdaşlığın həm təhsil, həm də elm istiqamətində faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib və növbəti görüşdə yeni təşəbbüslərin müzakirə ediləcəyini bildirib.

MDU tərəfi də universitetlər arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, birgə layihələrin həyata keçirilməsinə, mübadilə proqramlarının və təcrübə imkanlarının reallaşdırılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Sonda hər iki universitetin nümayəndələri gələcək əməkdaşlıq istiqamətlərinin daha da konkretləşdirilməsi və fəaliyyət planının icrası ilə bağlı razılığa gəliblər.