Orhun Mübadilə Proqramı
Proqramın yaranma tarixi və məqsədi
Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyi tərəfindən hazırlanmış və “Orhun Süreci” adlandırılan tələbə və müəllim mübadiləsi proqramı 6–7 aprel 2017-ci il tarixlərində Dönəm sədri Qırğızıstan–Türkiyə Manas Universitetinin ev sahibliyi ilə Bişkek şəhərində keçirilən iclasda “Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyi ‘Orhun Mübadilə Proqramı’ Qaydalar Layihəsi” ilə bağlı sənədlərin müzakirə edilərək qəbul edilməsindən sonra icra mərhələsinə keçmişdir.
Türk dövlətləri arasında ortaq mədəniyyət, dil və tarix birliyi Türk Dövlətləri Təşkilatında təcəssüm olunan əməkdaşlığın əsas sütunlarını təşkil edir. Bu xüsusiyyət Türk Dövlətləri Təşkilatını digər regional əməkdaşlıq mexanizmlərindən fərqləndirir. 2012-ci ildə Bişkekdə keçirilmiş Türk Dövlətləri Təşkilatının II Zirvəsinin “Təhsil, Elm və Mədəni Əməkdaşlıq” mövzusuna həsr olunması da bu istiqamətdə atılmış mühüm addımlardan biridir.
Türk Universitetləri Birliyinin rolu
Üzv dövlətlər və ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılmış və 2013-cü ildən fəaliyyətə başlamış Türk Universitetləri Birliyi çərçivəsində bir sıra iclaslar keçirilmiş, həmçinin Türk Universitetləri Birliyi və Ali Təhsil Məkanı Yaratma Təlimatı qəbul edilmişdir.
Tələbə və müəllimlər arasında mübadilə proqramlarının həyata keçirilməsini hədəfləyən bu prosesin adı “Orhun Prosesi” olaraq müəyyən edilmişdir.
“Orhun Mübadilə Proqramı” haqqında
“Orhun Mübadilə Proqramı” Türk Dövlətləri Təşkilatının Türk Universitetləri Birliyi (TÜRÜNİB) üzv universitetləri arasında həyata keçirilən tələbə və müəllim mübadiləsi proqramıdır.
Proqram çərçivəsində qiymətləndirilən üzv universitetlərlə tanış olmaq üçün buraya klikləyin.
Mübadilə proqramı ilə bağlı ətraflı məlumatı həmçinin universitetlərin koordinatorluqlarından və http://turkunib.org/orhun/ ünvanından əldə etmək mümkündür.
“Orhun Mübadilə Proqramı”nda iştirak şərtləri
Tələbələr üçün tələblər
“Orhun Mübadilə Proqramı”ndan yararlanmaq istəyən tələbələr üçün aşağıdakı tələblər müəyyən edilmişdir:
- Orta müvəffəqiyyət göstəricisi (GPA) 75 və yuxarı olan tələbələr;
- 2-ci və 3-cü kurs bakalavr, 1-ci kurs magistr tələbələri;
- Yaxşı akademik göstəriciləri və aktiv universitet həyatı olan tələbələr;
- Türk dünyasının ortaq dəyərlərini tanımaq və beynəlxalq təcrübə qazanmaq istəyən gənclər.
Bütün müraciətlər qəbul edildikdən sonra tələbələrin seçdikləri ev sahibi universitetin qəbul qərarlarına əsasən qiymətləndirmə aparılacaq və nəticələr elan ediləcəkdir.
Proqramın həyata keçirilməsi və şərtlər
“Orhun Mübadilə Proqramı” çərçivəsində tələbələr və müəllimlər müəyyən müddət ərzində (adətən bir semestr) başqa bir Türk dövlətinin universitetində təhsil ala, dərs deyə və ya elmi tədqiqat apara bilirlər.
Proqram həm təqaüdlü, həm də müqaviləli əsasda həyata keçirilir. Tələbələrə akademik dəstək, yataqxana və yemək imkanları təqdim olunur.
“Orhun Mübadilə Proqramı”nda iştirak edən tələbələr bu müddət ərzində öz ali təhsil müəssisələrində qeydiyyatlarını davam etdirir və təhsil haqqı ödənişlərini həmin müəssisələrə etməyə davam edirlər. Mübadilədə iştirak edən tələbələr qeydiyyatlarını dondura bilməzlər. Onlar qəbul olacaqları ali təhsil müəssisəsinə əlavə təhsil haqqı ödəmirlər.
“Orhun Mübadilə Proqramı”nda iştirak edən tələbələrin təhsil müddətində aldıqları digər təqaüd və kreditlər qüvvədə qalır.
Göndərən ali təhsil müəssisəsi tələbələrin nəqliyyat xərclərini, qəbul edən müəssisə isə gələn tələbələrin yemək və qalacaq xərclərini qarşılayır. Bu imkanlardan başqa tələbələrə əlavə olaraq heç bir pul ödənişi edilməyəcəkdir.
Əlaqə məlumatı
Əlavə məlumat almaq istəyən tələbə və müəllimlər əsas korpusun 2-ci mərtəbəsində yerləşən 211 nömrəli Beynəlxalq Əməkdaşlıq Ofisinə müraciət edə bilərlər.